Müxalifətçilik sivil siyasi sistemin ən vacib atributlarından biridir. Sirr deyil ki, əksər demokratik, inkişaf etmiş ölkələrdə güclü hakimiyyətlə yanaşı, güclü müxalifət də mövcuddur. Bu ölkələrin istər siyasi, istərsə də iqtisadi, mədəni və s. cəhətdən inkişafına təkan verən əsas amillərdən biri də elə iqtidar-müxalifət mübarizəsidir.
Faktlara əsaslanan tənqid, etik çərçivəni aşmayan iradlar, sağlam, əxlaqi dəyərlərə söykənən mübarizə istənilən cəmiyyətdə yalnız və yalnız irəliləyişlərə, inkişafa təkan verir.
Bəs Azərbaycanda vəziyyət necədir? Təəssüf ki, Azərbyacanda müxalifətçilik çoxdan mahiyyətini dəyişib. Əvvəla, klassik müxalifət demək olar ki, sıradan çıxıb. Mübarizəni uduzub. Bunun da obyektiv səbəbləri var. Lakin bu yazıda məqsədimiz bunu araşdırmaq deyil. Günün reallığı budur ki, bu gün Azərbaycanda müxalifətin varlığı yalnız 1-2 partiyanın hərdənbir tənbəl-tənbəl mürgüdən ayılıb verdiyi 1-2 bəyanatdan uzağa getmir. Kəsəsi, Azərbaycanda güclü və sağlam müxalifət qıtlığı var.
Amma əvəzində qeyri-sağlam, təşkilatlanmamış, hər hansı sağlam ideyaya və sosial bazaya malik olmayan radikal qruplar və şəxslər mövcududur. Bu qrupların əsas və ən radikal hissəsi isə Azərbaycanın hüdudlarından kənarda – Avropa ölkələri və ABŞ-da qərar tutub.
Çox təəssüflər olsun ki, müxalifətçi olduğunu iddia edən bu qrup və şəxslərin fəaliyyəti siyasi əxlaq və milli-mənəvi dəyərlərlə bir araya sığmır. Bu radikal qrup və şəxslərin əsas məqsədlərini aşağıdakı kimi qruplaşdırmaq olar:
- Azərbaycanın uğurlarına kölgə salmaq,
- Azərbaycan hakimiyyətində təmsil olunan şəxsləri, ayrı-ayrı ziyalıları təhqir etmək,
- Xarici ölkələrin və müəyyən təşkilatların Azərbaycanla bağlı siyasi sifarişlərini yerinə yetirmək.
Bu qrup və şəxslər antimilli mövqeyi, qərəzliliyi və radikallığı ilə fərqlənirlər. Bu baxımdan fəaliyyəti daha çox diqqəti cəlb edən şəxslər isə hüquq müdafiəçisi Vidadi İsgəndərli və Orduxan Teymurxandır. Bu şəxslərin apardıqları “mübarizə” heç bir əxlaq çərçivəsinə sığmır. Onların sosial şəbəkələrdəki qeydləri və yaydığı videolar bunu bir daha təsdiq edir. Bu adamların leksikonuna diqqət yetirdikdə aydın olur ki, nə qədər yüksək ideallardan dəm vursalar da, onlar şəxsli davalarını aparırlar. Bu mübarizənin Azərbaycan naminə aparıldığını iddia etmələri isə onların əxlaqi naqisliyinin göstəricisidir. Ən acınacaqlısı isə odur ki, bu şəxslərin bütün “mübarizəsi” yalan, söyüş, qərəz, hər şeyi qara rəngdə göstərmək üzərində qurulub.
Belə bir məşhur deyim var, aqressivlik istedadsızlığın sadıq yoldaşıdır. Adı çəkilən şəxslər, eləcə də Avropadakı anti-Azərbaycan şəbəkəsinin fəal üzvlərininin aqressivliyinin kökündə də məhz elə məşhur deyimdəki sadə həqiqət dayanır. Həm də əksər psixoloqların təsdiqlədiyi məlum həqiqəti yaddan çıxarmaq olmaz: faktlar qurtaran yerdə aqressiya başlayır. Bax, həmin antimilli şəxs və qrupların qəzəb, qeyz, kin-küdurətinin arxasında öz haqsızlıqlarını, milli deyil, şəxsi davalarını aparmalarını dərk etmələri, bir sözlə, faktsızlıqları dayanır. Yetkin, mübarizə təcrübəsi olan, haqq davası aparan şəxs niyə söyüş söyməli, küçə leksikonundan yararlanmalıdır?
Bu adamlar nə azərbaycançılığa, nə müsəlmançılığa, nə insanlığa, nə də ki bütövlükdə milli-mənəvi, etik-əxlaqi dəyərlərimizə yaraşan çirkin təbliğat aparırlar. Əsas məqsəd Azərbaycanda baş verən müsbət dəyişikliklərə xalqda inamsızlıq və çaşqınlıq yaratmaqdır. Cəhdlərinin əbəsliyi, ictimaiyyətin destruktivliyi qətiyyətlə rədd etməsi onları qıcıqlandırır.
Normal opponentliyi bacarmayan bu radikal qruplar bəzən hətta erməni dəyirmanına su tökməkdən belə çəkinmirlər. Elə götürək, Orduxan Teymurxanın bir müddət əvvəl paylaşdığı və hamının narazılıqla qarşıladığı məlum videonu. “Azərbaycandakı müxalifətə inanmayın, mənə inanın, əsl müxalifət mənəm” deyən Orduxan Teymurxan həmin videogörüntüdə iddia edir ki, ermənilər Qarabqda bizim məzarlarımızı dağıtmırlar, çünki ermənilər vandal deyillər. İndi siz deyin, ərazisinin 20 faizi işğal altında olan, 1 milyon vətəndaşı qaçqın düşən, Xocalı soyqırımına məruz qalan bir xalqın nümayəndəsinin bu açıqlamasını necə başa düşmək, bu hərəkətini necə adlandırmaq olar? Orduxan Teymurxanın apardığı Azərbaycan davası budurmu? Bu, xəyanət və əxlaqsızlıqdan başqa bir şey deyil.
Yeri gəlmişkən, Azərbyacan hakimiyyəti, eləcə də dövlətçiliyimizə qarşı olan bir çox radikal müxalifətçilər də bir çox məqamlarda Orduxan Teymurxandan geri qalmır, xarici dairələrin direktivlərini həyata keçirir, onların istəyinə uyğun açıqlamalar verirdilər. Amma xalq bu adamların iç üzünü gördü, onların şəxsi həyatlarında necə əxlaqsızlıqlara yol verdikləri, bununla bağlı yayılan videogörüntülər bu gün də müzakirə olunur. Bu insanlar təəssüf ki, şəxsi həyatlarındakı əxlaqsızlığı siyasi mübarizə müstəvisinə də gətirirlər. Ancaq bunu zərbəsi yenə də həmin adamların özünə dəyəcək…