Donald Tramp daha güclü və daha sərt komanda ilə hərəkət etməyə çalışır. Məncə, burada əsas məsələ Rusiyadır və ABŞ-Rusiya münasibətlərində sərtləşmə özünü büruzə verəcək.
Bu fikirləri Teleqraf.com-a Ankarada yaşayan azərbaycanlı siyasi şərhçi, professor Toğrul İsmayıl ABŞ Dövlət katibi Reks Tillersonun istefaya göndərilməsi və onun yerinə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeonun gətirməsinə münasibət bildirərkən deyib.
Politoloq bildirib ki, istefadan öncə Tillerson Ankarada səfərdə olub, ABŞ-Türkiyə münasibətləri müzakirə edilib və bəzi qərarlar verilib:
“İndi çoxları düşünür ki, Tillersonun vəzifədən getməsi ilə bu razılaşmalar da sual altına düşüb. Mən hesab edirəm ki, Amerikada bir kadrın vəzifədən çıxarılması, yerinə başqasının təyin edilməsi ümumilikdə mexanizmləri dəyişmir. Amerika tarixi dövlətdir, onun maraqları və istəkləri var. Dövlət də özünün maraqları əsasında hərəkət edir. Başqa sözlə, əldə edilən razılaşmalar davam edəcək. Sadəcə olaraq hesab edirəm ki, Amerika-Türkiyə arasında bəzi məsələlərdə razılıq əldə edildiyi görüntüsü olsa da, hələlik ciddi anlaşmalar mövcud deyil. İndi tərəflər vəziyyətə baxacaq”.
Mayk Pompeonun Türkiyəyə qarşı sərt mövqedə olduğu haqda deyilənlərə gəldikdə Toğrul İsmayıl deyib ki, fərdi mövqelər bəzən ikili münasibətlərə təsir edə bilir:
“Lakin Ankara-Vaşinqton münasibətləri onsuz da gərgindir. Bunun sonunun necə olacağı gələcəyin işidir. Bölgədəki durum, ABŞ-Rusiya münasibətləri sözsüz ki, Vaşinqton-Ankara əlaqələrinin gələcək trayektoriyasına öz təsirini göstərəcək. Amma mən inanmıram ki, ABŞ bölgədə Türkiyə kimi ölkə ilə sərt davransın, siyasətini daha da sərtləşdirsin. Bu Amerikanın maraqlarına əsla xidmət etməz.
İndi söhbət ondan gedir ki, Tramp komandasını sərt xətti dəstəkləyənlərlə gücləndirir. Onsuz da Tramp prezident seçkiləri zamanı radikal mövqeyini ortaya qoyurdu. Amma Trampın öz şəxsi keyfiyyətləri də fərqlidir. O, dəyişik xarakterə sahibdir. Odur ki, təyinatlarının nə zamana qədər davam edəcəyini gözləmək lazımdır. Tramp kadrlarını çox tez-tez dəyişir”.
Toğrul İsmayılın fikrincə, bundan sonra Moskva-Vaşinqton münasibətlərində gərginlik qabarıq şəkildə üzə çıxacaq:
“Rusiya prezident seçkiləri ərəfəsindədir. Qənaətimcə, seçkilərdən sonra Putin də sərt siyasətə üstünlük verəcək. Onsuz da seçki öncəsi Putin gövdə nümayiş etdirdi. Tramp da silahlanmaya böyük maliyyə ayırmışdı. Bbu münasibətlər getdikcə gərginləşəcək. Və sözsüz ki, ABŞ-Rusiya gərginliyi regionu narahat duruma salacaq. Müxtəlif regionlarda bunun təsiri hiss edələcək”.
Müsahibimiz əlavə edib ki, Tillersonun hansı səbəbdən istefaya göndərildiyi haqda konkret fikir yürütmək doğru olmazdı: “Mən Tillersonu uğurlu diplomat kimi təqdim etməzdim. ABŞ-ın son dövrlər yürütdüyü siyasətdə ciddi uğur olmayıb. Bu Tillersonla əlaqəli deyil. Son illər ABŞ əsasən güc siyasətinə üstünlük verir. Bu da uğurlu siyasət deyil”.