10:10
Martın 15-də Azərbaycanın paytaxtında “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işə başlayıb.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edirlər.
Forumda, həmçinin Albaniya Prezidenti İlir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova Prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin Baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu, xarici işlər nazirinin müavini Əhməd Yıldız, Fələstinin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovinanın hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birçall iştirak edirlər.
Əvvəlcə birgə foto çəkdirilib.
Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açıb.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə nitq söyləyir.
Üç gün davam edəcək bu mötəbər tədbirə 50-dən çox ölkədən 500-dək nümayəndə, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər qatılıblar.
Forum çərçivəsində martın 18-19-da VII Beynəlxalq Kitab Sammiti təşkil olunacaq. ABŞ Konqres Kitabxanasının və Misirin İsgəndəriyyə Kitabxanasının birgə təşəbbüsü ilə keçiriləcək Sammitdə milli inkişafda, mədəni irsin qorunmasında və ötürülməsində, gələcəyin formalaşmasında kitabın əhəmiyyəti, eləcə də milli kitabxanaların rolu, kitabxanaların gələcəyi mövzusu müzakirə olunacaq.
***
Bu Forum artıq 6-cı dəfədir ki, keçirilir, nüfuzlu beynəlxalq platformaya çevrilib. Əminəm ki, Forumda beynəlxalq gündəliyin ən aktual məsələlərini müzakirə edəcəyik, sabitliyi təmin etmək üçün təşəbbüslər irəli sürəcəyik.
Bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində deyib.
Bakıda keçirilən beynəlxalq tədbirlərdən, Avropa və İslam Həmrəyliyi oyunlarından söz açan prezident İlham Əliyev bildirib ki, bu tədbirlərdə müxtəlif millətlərin nümayəndələri, müxtəlif fikirli insanlar bir araya gəlir:
"2008-ci ildən başlayan Bakı Prosesi çox mühüm prosesdir. Bakı Prosesi çərçivəsində xalqlar və dövlətlər arasında anlaşma yaranması üçün böyük işlər görülür. Səylərimiz sabitliyin, təhlükəsizliyin, qarşılıqlı anlaşmanın gücləndirilməsinə yönəlib".
Azərbaycanda tolerantlıq mühitindən söz açan dövlət başçısı qeyd edib ki, Azərbaycan bu sahədə dünyaya nümunə göstərir.
Dövlət başçısı VI Qlobal Bakı Forumunun həmsədrlərinə və iştirakçılarına təşəkkür edib.
***
Xocalı qətliamı azərbaycanlılara qarşı törədilmiş soyqırımdır.
Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində deyib.
Dövlət başçısı bildirib ki, azərbaycanlılar əsrlər boyu Dağlıq Qarabağda yaşayıb: "İndi bu ərazilər işğal olunub, tarixi, dini abidələrimiz dağıdılıb. ATƏT bu ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərib və bu, təsdiqini tapıb. Münaqişə beynəlxalq hüquq normaları, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Ermənistan 20 ildən artıqdır, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmir.
Avropa Şurası və digər beynəlxalq qurumlar da müvafiq qərarlar qəbul edib.
Ermənistan isə işğal etdiyi torpaqları azad etmək istəmir. Ermənistan Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal edib. Lakin status-kvo qəbuledilməzdir. ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin başçıları da bunu bəyan ediblər.
Ermənistan qoşunları dərhal işğal olunmuş torpaqlardan çıxmalı, azərbaycanlılar o torpaqlara qayıtmalıdır.
Münaqişə yalnız BMT qətnamələrinə, Helsinki Yekun Bəyannaməsinə uyğun həll edilməlidir".
***
İşğal faktına baxmayaraq, Azərbaycan uğurla inkşaf edir.
Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində deyib.
O bildirib ki, Azərbaycan yoxsulluq və işsizliyin aşağı olması baxımından dünyada aparıcı mövqedədir: "Ötən dövr ərzində 3000-dən artıq məktəb, 600-dən artıq xəstəxana tikilib və əsaslı təmir olunub".
İlkin dövrdə əsas diqqətin iqtisadi, siyasi müstəqilliyin təmin olunmasına yönəldiyini söyləyən dövlət başçısı qeyd edib ki, ölkə iqtisadi cəhətdən müstəqil olmasa, siyasi baxımından da müstəqil ola bilməz: "Yürütdüyümüz siyasət Azərbaycan xalqının maraqlarına söykənir. Son 10 ildə Azərbaycan iqtisadiyyatü 3,5 dəfə artıb. Bu, çox yüksək göstəricidir. Davos İqtisadi Forumunun rəqabət qabiliyyətinə görə hesabatına əsasən Azərbaycan 35-ci yerdədir. Davos İqtisadi Forumunun hesabatına əsasən Azərbaycan inklüziv inkişaf seqmentində isə dünyada 3-cü yerdədir".
Prezidentin sözlərinə görə, Azərbaycan adambaşına düşən sərmayələrə görə aparıcı yerdədir: "Son 10 ildə Azərbaycana 230 milyard dollar sərmayə yatırılıb. Biz nəinki öz ölkəmizə, region ölkələrinə də sərmayə yatırırıq".
***
Azərbaycan Gürcüstan və Türkiyə ilə birgə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrini uğurla həyata keçirib.
Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində deyib.
Dövlət başçısı qeyd edib ki, hazırda 7 ölkəni birləşdirən Cənub Qaz Dəhlizi layihəsi uğurla icra olunur: "Bu layihəyə 40 milyard dollar sərmayə qoyulacaq. Boru kəmərləri Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə öz töhfəsini verir. Milli təhlükəsizlik bir çox hallarda enerji təhlükəsizliyindən asılıdır. Azərbaycan nefti Avropada bəzi ölkələrini neftə tələbatının 40 faizini təmin edir. Biz bu il "Şahdəniz-2" fazasını istifadəyə verəcəyik. Biz inanırıq ki, yaxın tarixdə bu fazanın açılışını edəcəyik".
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyənin regional əməkdaşlığı uğurla davam edir: "Keçən ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını etdik. Bu xətdən istifadə etməklə iki həftə ərzində Asiyadan Avropaya yüklər daşına bilər. Asiya və Avropadan olan tərəfdaşlarımız bu dəmir yolundan istifadə etməkdədir və dəmir yoluna maraq artmaqdadır. Bu layihə üzrə marşrutun təşviq olunmasına çalışırıq".
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın məramı Asiya və Avropa, müsəlman və xristian dünyası arasında anlaşmanı gücləndirməkdir: "Həyata keçirdiyimiz layihələr nəticəsində regionda 10 minlərlə iş yeri açılır. Azərbaycan regionda sabitləşdirici rol oynayır və onun bu rolu yüksək qiymətləndirilir".
***
Bu gün Bakıda ilk dəfə Azərbaycan, Türkiyə, Gürcüstan və İran xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Bunu Azərbaycan prezidenti İlham Əliyev “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində deyib.
O bildirib ki, gələn ay Azərbaycan Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısına ev sahibliyi edəcək: "Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əməkdaşlıq edir. Azərbaycan hazırda Avropa İttifaqı ilə yeni əməkdaşlıq sənədi üzərində işləyir. Bütün bunlar Azərbaycanın məqsədinin dostluq və tərəfdaşlığa yönəldiyini göstərir. Nailiyyətlər göstərir ki, Azərbaycan düzgün yoldadır".
Prezident xatırladıb ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd ediləcək: "İlk dəfə Şərqdə Azərbaycan xalqı 100 il əvvəl demokratik cəmiyyət quruculuğunu həyata keçirib. İlk dəfə Şərqdə qadınların səsvermə hüququ təmin edilib və bir çox Avropa ölkələrindən əvvəl qadınlara səs hüququ verilib. Ancaq təəssüf ki, iki il sonra Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə son qoyulub. Müstəqilliyi qorumaq qazanmaqdan daha çətindir. Bu gün Cümhuriyyətin qurucuları Azərbaycanı görsələr, fəxr edərdilər. Biz də Cümhuriyyətin qurucuları ilə fəxr edirik".