Sabah Rusiyada prezident seçkisidir. Vladimir Putinin yenidən prezident seçiləcəyi şübhə doğurmur.
Teleqraf.com xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, ikinci yeri böyük ehtimalla Pavel Qrudinin tutacaq:
“Qrudinin özü kommunist olmasa da, namizədliyi Kommunist Partiyası tərəfindən irəli sürülüb. Partiyanın lideri Gennadi Züqanov bu dəfə namizəd olmadı, nəticəni anladığından Qrudinini irəli sürdü. Qrudininin seçki kampaniyasını izlədim, hazırcavab, nə etdiyini bilən şəxs təəssüratı bağışlayır. Ancaq xarici banklardakı hesabların qaynağını göstərə bilmədiyindən rəqiblərinin hücumlarına məruz qaldı və bu məqam onun nüfuzuna zərər vurdu. Buna baxmayaraq, ikinci yeri tutacağını proqnozlaşdırıram”.
Politoloq bildirib ki, digər namizədlər 2-5 faiz arasında səs qazanacaqlar: “Bu seçkidə liberalların iki namizədi var – Qriroriy Yavlinski və Kseniya Sobçak. Yavlinski SSRİ illərindən tanınmış iqtisadçıdır, Rusiyada liberal cərəyanın yaradıcılarındandır.
Problem ondadır ki, liberal ideya Rusiyada populyar deyil, Boris Yeltsinin dövrünün xaosunu unutmayıblar. Kseniya Sobçak keçmiş şou aparacısıdır, atası kimi liberal ideyaları bölüşür, mərhum atası Sankt-Peterburqun meri olub, indiki prezident Vladimir Putin onun işçisi olub. Sobçak azadlığı hər şeydən üstün tutan gənclərin səsinə ümid edir”.
Elxan Şahinoğlu prezident seçkisindən sonra Qərb-Rusiya münasibətlərində normallaşmanın baş verməyəcəyini bildirib:
“Tam əksinə, Qərbin Rusiyaya qarşı sanksiyaları sərtləşəcək. Putin Krımı işğal etməklə, müxtəlif dövlətlərdə gizli şəkildə seçkilərə müdaxilə etməklə və ən nəhayət Qərb ölkələrində keçmiş rus xəfiyyələrinin qətllərinə nadi zəhərlərlə fərman verməklə Qərblə bütün körpülərini yandırıb. Qərb Putinin Rusiya daxilində mövqelərini və elə Rusiyanın özü zəfilətməyənə qədər ondan əl çəkməyəcək”.
O, Qarabağ istiqamətində də dəyişiklik olmayacağını qeyd edib: “Putin Qarabağ münaqişəsinin ədalətli həllinə bundan sonra da maraq göstərməyəcək. Putinin Ərdoğana verdiyi cavabı bir daha xatırlayaq: “Qarabağ münaqişəsini həll etmək çətindir, tərəflərin mövqeləri bir-birindən fərqlənir”. Rusiyanın Ermənitan hakimiyyətinin mövqeyini dəyişmək iqtidarında olmadığına kim inanar?”