25 Mart 2018 19:09
1 117
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 25-də Bərdə rayonuna səfərə gəlib.

Teleqraf.com xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Bərdə şəhərinin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyub.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rayonda görülən abadlıq-quruculuq işləri barədə dövlətimizin başçısına məlumat verib.

***

18:48

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bərdə rayonunun Cəyirli kəndinin ərazisində fermer Musa Quliyevin 20 hektarlıq pambıq tarlası ilə tanış olub.

Fermer Musa Quliyev üç ildir pambıqçılıqla məşğul olur.

Prezident İlham Əliyevə məlumat verilib ki, ötən il bu fermer təsərrüfatı tərəfindən 15 hektar sahədə pambıq əkilib və 40,5 ton məhsul götürülüb. Məhsuldarlıq hər hektara 27 sentner təşkil edib. Bu il isə 20 hektarda pambıq əkilməsi nəzərdə tutulub. Qarşıya hər hektardan 35 sentner məhsul götürülməsi hədəf qoyulub.

Diqqətə çatdırılıb ki, təsərrüfatda 25 işçi çalışır. Azərbaycan Prezidenti pambıqçılarla görüşüb.

Pambıqçı Sədaqət Ağayeva ölkəmizdə bu sahənin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Dövlətimizin başçısı görüşdə çıxış edib. Sonra səpin işlərinə başlanılıb.

Daha sonra xatirə şəkli çəkdirilib. Prezident İlham Əliyev təsərrüfatda istifadə olunan texnikalara baxıb.

Məlumat verilib ki, səpin işlərinə lazımi texnikanın cəlb edilməsi üçün “Azərpambıq” MMC ilə müqavilə imzalanıb.

***

18:55

Bu gün Azərbaycan prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Bərdə türbəsində və Torpaqqala kompleksində yaradılan şəraitlə tanış olub.

Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov prezident İlham Əliyevə məlumat verib ki, Bərdə türbəsi 1322-ci ildə Əcəmi memarlıq məktəbinin nümayəndəsi Əhməd ibn Əyyub əl-Hafiz tərəfindən tikilib.

Türbə eramızdan əvvəl inşa olunan Torpaqqala adlı müdafiə divarlarının ərazisində yerləşir. Qülləvari quruluşa malik türbə yeraltı və yerüstü hissələrdən ibarətdir. Yeraltı hissəni o dövrdə xarakterik olan dəfn üçün ayrılmış sərdabə təşkil edir. Yerüstü qat isə xatirə abidəsidir və monumental xarakter daşıyır. Türbə xarici fasad üzrə kürsüdən, gövdə və günbəzdən ibarətdir. Hündürlüyü 13 metr olan türbənin bayır tərəfdən diametri 10 metrdir. Kürsüdən başlayaraq yuxarıdakı haşiyəyə qədər hissəni örtən və firuzəyi kaşı ilə qırmızı kərpicin əlaqələndirilməsindən yaranan bir kompozisiyadan əmələ gələn kitabədə “Allah” sözü mütənasib sürətdə təkrarlanır. Məhz bu səbəbdən abidəyə el arasında “Allah-Allah” türbəsi də deyilir. Abidənin kimin şərəfinə tikildiyi məlum deyil. Ehtimal olunur ki, Elxanilər sülaləsindən olan bir şəxs üçün inşa edilib.

Bildirilib ki, uzun illər baxımsız vəziyyətdə olan türbənin bərpasına ötən əsrin 60-ci illərində başlanılıb. Lakin səhv aparılan bərpa işləri nəticəsində türbənin görkəmi dəyişib, kitabələr silinib, üzərinə qoyulan ağır beton konstruksiya isə çatların əmələ gəlməsinə səbəb olub. Türbənin və əhatəsində olduğu Torpaqqala divarlarının bərpasına 2012-ci ildə başlanıb və hazırda tam başa çatdırılıb. Türbənin betondan quraşdırılmış qəzalı günbəzi tam sökülərək yenidən hörülüb və kaşılı kərpiclə üzlənib. Burada 427 kvadratmetr sadə və mürəkkəb formalı kaşı elementləri hazırlanaraq tətbiq edilib. Quranın “Ayətül-Kürsü” ayəsi və kufi əlifbası ilə kitabələr bərpa olunub, kaşılararası hörgü tikişləri təmizlənərək xüsusi məhlul qarışığı ilə yenidən doldurulub, divarlardakı çatlar tam regenerasiya edilib. Sərdabənin pilləkəni şüşə örtüklə bağlanıb və burada mərmər sənduqə quraşdırılıb.

Türbənin yerləşdiyi iki hektar ərazini əhatə edən Torpaqqala divarları da bərpa olunub. Bərpa işləri Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi ilə “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən həyata keçirilib.

Türbə ilə tanışlıqdan sonra xatirə şəkli çəkdirilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bərdə rayonuna səfəri çərçivəsində Yeni Daşkənd-Umudalılar avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov yeni yolun texniki göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verib.

Bildirilib ki, yol 15 min əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirir. Ümumi uzunluğu 25 kilometr olan IV texniki dərəcəli yolun hərəkət hissəsinin eni 6 metrdir. İki hərəkət zolaqlı yol üzərində müxtəlif diametrli 45 suötürücü boru tikilib, zəruri yerlərdə yol nişanları, göstərici lövhələr quraşdırılıb. Yolun inşası bütün texniki tələblərə və ardıcıllığa uyğun olmaqla yüksək səviyyədə yerinə yetirilib.

Diqqətə çatdırılıb ki, Yeni Daşkənd-Umudalılar avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi xeyli rahatlaşıb, yük və sərnişin daşınması asanlaşıb. Yeni yolun tikintisi yolboyu yaşayan vətəndaşların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatının inkişafına da təkan verəcək. Bununla yanaşı, bu cür yolların istifadəyə verilməsi ümumilikdə, bölgədə turizmin inkişafına geniş imkanlar yaradacaq.

Dövlətimizin başçısı Yeni Daşkənd-Umudalılar avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, bu gün Azərbaycanda icra edilən sosialyönümlü siyasətin tərkib hissələrindən biri də ölkədə yol infrastrukturunun yenidən qurulması, bu sahədə əsaslı islahatların aparılmasıdır. Hazırda respublikanın yol infrastrukturunun yenidən qurulması, müasir səviyyəyə çatdırılması ilə bağlı uğurlu layihələr hər bir bölgəni, rayonu və kəndi əhatə edir. Son dövrlərdə respublikanın kənd və qəsəbələrini birləşdirən yolların inşası, müasir tələblər səviyyəsində yenidən qurulması ümumilikdə, ölkəmizin iqtisadi potensialını artırır. Bu layihələrin icrasında əsas məqsəd ilk növbədə, vətəndaşların sosial məsələlərinin həllini, nəqliyyat vasitələrinin maneəsiz və rahat hərəkətini təmin etməkdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər