26 Mart 2018 15:31
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada yaşayan 25 azərbaycanlı gənc Diasporla İş üzrə Dövlət Komitəsinin və Hannover şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Bakıya birhəftəlik səfərə gəlib.

Teleqraf.com xəbər verir ki, səfər hər iki təşkilatın birgə təşəbbüsü olan “Vətənim Azərbaycandır” layihəsi çərçivəsində gerçəkləşib. Layihənin əsas məqsədi Almaniyada böyümüş, orada ali təhsil almış və karyerasını qurmuş gənclərimizi öz Vətəni ilə, Azərbaycanın mədəniyyəti, ədəbiyyatı, tarixi və təbiəti ilə daha yaxından tanış etməkdir. Layihənin məqsədlərindən biri də Avropadakı gənc soydaşlarımızı – həkim, mühəndis, memar, dizayner, müəllim və digər ixtisaslara yiyələnərək Almaniyanın ictimai həyatında öz yerini tutmuş gənclərimizi Azərbaycan cəmiyyətinə tanıtmaqdır.

Səfər çərçivəsində gənclər Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən gənclər ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən gənclərə şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Lalə Məmmədli jurnalistlərə müsahibəsində deyib: “Artıq bir ildir “Vətənim Azərbaycandır” layihəsi üzərində çalışırıq. Biz Almaniyanın müxtəlif şəhərlərində yaşayan gənclərimizi bir araya gətirməyə çalışırıq. Bu, Azərbaycana ilk səfərimizdir. Səfərin məqsədi Azərbaycanda gedən inkişaf proseslərini gənclərin öz gözləri ilə görmələrini təmin etməkdir. Ümid edirik ki, bu layihə daha da genişlənəcək. Dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlı gənclərimizi bir araya toplayaraq ölkəmizlə bağlı bütün həqiqətləri onlara çatdırmaq istəyirik”.

Layihənin iştirakçısı Elməddin Qasımlı bildirib: “Mən altı ildən çox idi ki, Azərbaycana gəlmirdim. Ötən müddət ərzində Azərbaycan çox dəyişib, müasirləşib və inkişaf edib. Əsas məqsədimiz Almaniyada Azərbaycanı layiqli şəkildə təmsil etməkdir”.

Nigar Abbasova: “Azərbaycan mənim vətənimdir. Bakı mənim ən sevdiyim şəhərdir. Mən hər dəfə buraya gələndə yeniliklər görürəm və bu, məni çox sevindirir. Bu sevincimi Almaniyadakı dostlarımla bölüşürəm”.

Şəhriyar Məmmədzadə: “Azərbaycan çox inkişaf edib, burada demək olar ki, hər şey gözəlləşib. Bakıdakı aeroport Avropa ölkələrindəki bir çox aeroportlardan daha müasirdir. Yeni tikililəri şəhəri daha da gözəlləşdirib”.

Mişel Quliyeva: “Mənim 18 yaşım var. Bakıya bir dəfə gəlmişdim. Budəfəki gəlişimdə gördüm ki, şəhər çox müasirləşib, gözəlləşib. Azərbaycan tolerant ölkədir. Bakıda çoxlu turistlərlə rastlaşdıq. Elə bu da onun bir göstəricisidir”.

Almaniyada yaşayan azərbaycanlı gənclərin Bakıya səfəri martın 31-dək davam edəcək. Bu müddət ərzində onlar Qobustanda, Atəşgahda, müxtəlif muzeylərdə olacaq, Bakının görməli yerlərini gəzəcəklər. Gənclər, həmçinin bir neçə ali təhsil müəssisəsində görüşlər keçirəcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər