27 Mart 2018 17:53
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə prezident seçkilərinə start verilməsi, daha doğrusu, prezident seçkilərinə qədəm qoyduğumuz bu dövrün olduqca sakit, demokratik çərçivələr daxilində cərəyan etməsi Azərbaycanı Suriyaya çevirmək istəyən qüvvələrin ciddi narahatlığına səbəb olub. Əbəs yerə deyil ki, çörəyi qarşıdurma və vətəndaş münaqişəsindən çıxan Milli Şura və radikal dindarlar tələm-tələsik fevralın 26-sında "Exo", "Ayna-Zerkalo" və "Birja" qəzetlərinin yerləşdiyi 4 mərtəbəli binada bir araya gəlib.

Bu "sapı özümüzdən olan baltalar" xaricdən aldıqları təlimatlara uyğun olaraq, hakimiyyətlə xalq arasında nifaq toxumu əkmək, öz cinahlarından mümkün qədər çox insanın, xüsusən gənclərin həbs olunmasını təşkil etmək, inanclı kəsimi hakimiyyət uğrunda mübarizənin müqəddəs dəyərlər uğrunda mübarizə olduğuna inandırmaq kimi məsələləri müzakirə ediblər. Tədbir iştirakçılarının bəzilərinin adları onun mahiyyəti haqqında dolğun təsəvvür yaradır. Məsələn, uğursuz kinorejissor Eldəniz Quliyev, "siyasi məhbus" dəllalı Oqtay Gülalıyev, yarımçıq tamada İlham Hüseyn, radikal dini ekstremist Tale Bağırzadənin həyat yoldaşı Leyla Bağırzadə və "Müsəlman Birliyi Hərakatı" deyə adlandırılan dini-ekstremist təşkilatın digər nümayəndələrinin adlarını sadalamaq kifayətdir. Fərqli dünyagörüşlərinə, siyasi mənsubiyyətlərə, bir-birinə zidd həyat tərzlərinə malik bu insanları birləşdirən yeganə ortaq cəhət qisas duyğusudur. Azərbaycan hakimiyyətindən və xalqından qisas almaq.

Sual yarana bilər ki, nəyin qisasını? Bəli, bu qüvvələr Azərbaycan hakimiyyətindən ölkədəki davamlı sabitliyin, iqtisadi tərəqqinin qısasını almaq istəyirlər. Ölkəni Suriyanın, İraqın, Liviyanın gününə salmaq üçün götürdükləri öhdəliklərin müqabilində alacaqları qrant kanallarının bağlanmasının qisasını almaq istəyirlər. İslam dünyasında mütərəqqi və nümunəvi ölkə hesab edilən Azərbaycandan dini dözümlülüyün, dini sabitliyin, vəhdət namazlarının qisasını almaq istəyirlər. Ən nəhayət, Azərbaycan xalqından onlara etimad göstərməyib, 25 ildir müxalifətdə saxlamasının qisasını almaq istəyirlər.

Məhz bunlara görə də böyük ehtimalla Milli Şuranın növbəti mitinqlərinda radikal dindarlar ön sıralarda bitəcəklər. Əminliklə deyə bilərik ki, Milli Şura və radikal dindarların istər ayrı-ayrılıqda, istərsə də birgə fəaliyyəti öz məqsədinə çatmayacaq.

Milli.az


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər