1 Aprel 2018 15:03
2 401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Moskvada saxlanılan və qısa müddətdən sonra azad edilən azərbaycanlı iş adamı Məhərrəm Quliyev gündəmi zəbt edib.

Məhərrəm Quliyev saxlanıldıqdan sonra Rusiyada yaşayan yüzlərlə azərbaycanlı onun saxlanıldığı istintaq idarəsinin önünə toplaşıb. Onlar M.Quliyevin azadlığa çıxmasını təmin etmək üçün bütün əlaqələrdən istifadə etməyə qərar veriblər və hərəkətə keçiblər. M.Quliyevin nüfuzlu dostlarından da onun ədalətsiz yerə saxlanmasının qarşısının alınması və azad edilməsi üçün yardım istənilib.

Mənbəmizin məlumatına görə, azərbaycanlıların qısa müddətdə bu cür toplaşması və dəstək üçün hər şeyə hazır olmalarını şərtləndirən səbəb M.Quliyevin illərdir yaşadığı prinsiplər, həmvətənlərinə münasibəti, çoxlarının taleyində oynadığı roldur. Bildirilir ki, əslən Şəmkir rayonunun Çinarlı kəndindən olan M.Quliyev hələ yeniyetmə yaşında ikən, 8-ci sinifdə oxuyarkən Rusiyaya gedib. Qısa müddətdə biznes quran və böyük uğurlar əldə edən Məhərrəm Quliyev azərbaycanlılara qarşı xüsusi qayğısı və himayə ilə seçilib.

Saytımızı bilgiləndirən mənbə vurğulayıb ki, o, Azərbaycandan gedən və ona müraciət edən çoxsaylı həmvətənimizin iş qurmasına dəstək olub. Onun sayəsində hazırda Rusiyada geniş biznes şəbəkəsi yaradan çoxsaylı azərbaycanlı var.

Həmçinin Məhərrəm Quliyev Azərbaycandan ona müraciət edənlərə də hər zaman dəstək olub, ağır xəstələrin Rusiyada və digər ölkələrdə müalicəsini öz üzərinə götürüb. Hazırda da onun Azərbaycanda bir çox ailəyə aylıq göndərdiyi deyilir.

Çinarlı kəndində məscid, orta məktəb tikintisi və kənd yolunun bərpası da Məhərrəm Quliyevin adı ilə bağlıdır.

Azərbaycanı çox sevən və soydaşları üçün hər şeydən keçməyə hazır olan iş adamı Məhərrəm Quliyev, təəssüf ki, ölkəmizdə az tanınır. Ancaq Rusiya ilə əlaqəsi olan azərbaycanlılar içərisində Vətənini sevməsi, azərbaycanlılara xüsusi münasibəti ilə məşhurdur. Onun Azərbaycandan olan tanınmış iş adamları ilə münasibətləri də yüksək səviyyədədir və hər zaman azərbaycanlı biznesmenlərin əlaqələrinin səmimi olması, birgə fəaliyyət və soydaşlarımıza daimi qayğının koordinasiyasına çalışıb.

Məhərrəm Quliyev ötən gün sərbəst buraxılandan dərhal sonra məşhur azərbaycanlı milyarder Qod Nisanovun dəvəti ilə onunla görüşüb. Mənbənin sözlərinə görə, bu görüş də təsadüfü deyil və M.Quliyevə illərlə etdiklərinə görə Q.Nisanov tərəfindən göstərilən dəstəkdir.

Xatırladaq ki, M.Quliyev ötən gün indiyə qədər açıqlanmayan səbəbə görə Moskva polisi tərəfindən saxlanılsa da, qısa müddətdən sonra sərbəst buraxılıb.

M.Quliyevin uzun zaman Azərbaycandan Moskvaya göndərilən kənd təsərrüfatı məhsullarının tədarükünə nəzarət etdiyi bildirilir. “Pokrovka Məhərrəm” adı ilə məşhur olan biznesmenə bu ləqəbin 2014-cü ilə qədər mövcud olan məşhur “Pokrovka” tərəvəz bazasına görə verildiyi deyilir.

“Pokrovka” bazası 2013-cü ildə azərbaycanlı Orxan Zeynalovun Rusiya vətəndaşı Yeqor Şerbakovu öldürməsindən sonra bağlanıb./Axar.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər