Elxan Nəcəfov
XIX əsrin ikinci yarısından etibarən Azərbaycan ədəbi dilinə rus-Avropa mənşəli sözlərin daxil olması geniş vüsət aldı. Proses Çar Rusiyasının həmin əsrdən hətta bir əsr qabaq cənubi Qafqazı öz imperiyasının tərkibinə daxil etmək istəməsi ilə başlandı.
I Pyotrun Qafqaz siyasəti və planları uzunmüddətli oldu və bu coğrafiyanın Rusiyaya ilhaq edilməsi təqribən 100 illik periodda tamamlanmış oldu. Məlum “Gülüstan” (1813) və “Türkmənçay” (1828) müqavilələri ilə Qafqaz və bizim üçün isə ən acınacaqlısı olan şimali Azərbaycan Çar Rusiyasının sərhədləri daxilinə çevrildi. Sonrakı proses isə məlumdur... imperiya siyasəti: parçala, hökm sür.
Məhz bu dövrdən etibarən dilimizin lüğət fonduna mənşəcə yeni sözlər – rus-Avropa mənşəli sözlərin daxil olması şərtləndi. Bu sözlər dilimizdə milli və ərəb-fars mənşəli sözləri sıxışdırır və ya paralelində dayanırdı. Zamanla imperiyanın məkrli siyasəti Azərbaycan dilinin unutdurulmasına yönəldi. Nüfuzlu şəxslərin övladlarının müxtəlif səbəblərlə imperiyanın ucqar nöqtələrinə aparılması və onların milli kimliyini dəyişdirmək planları müəyyən mənada özünü doğrultdu. Dünyəvi məktəblərdə rus dilinin tədrisi və ən nəhayətində Qori Müəllimlər Seminariyasının fəaliyyəti rusdilli azərbaycanlı təbəqəsinin formalaşması ilə nəticələndi. Və bu təbəqə rusca danışmaqla rus kimi düşünmək hissini də daxilində böyütmüşdü. Çar Rusiyasının bu məkrli siyasəti sonrakı dövrdə Sovet imperiyası tərəfindən də davam etdirildi. Rus dili dövlət idarəçilik dilinə çevrildi. Təhsildə rus bölməsi yaradıldı. Rus dilini bilməyən azərbaycanlıların sayı çox az miqdarda müşahidə olunmağa başladı. Məhz sovet dövründə rus dili azərbaycanlı ailəsinin məişət dili səviyyəsinə çatdı. Rus dilində danışmaq savadlılığın, ziyalılığın, dünyagörüşlü olmağın və s. göstəricisinə çevrildi.
Ən nəhayətində Azərbaycan XX əsrin son onilliyində müstəqilliyini qazandı. Çar Rusiyasının və sovet imperiyasının birlikdə milli düşüncəmizin, dilimizin altşüuruna ən azı 200 ildən artıq yeridilmiş zəhərli dil siyasəti müstəqillik dönəmində də canımızdan çıxmadı. Təhsilimizdə rus bölməsinin mövcudluğu aydın məsələdir ki, təkcə rus dilini öyrənmək marağının deyil, bəlkə də rus “sevdalılığının” təzahürüdür.
Yazının bu hissəsində rus-avropa mənşəli sözlərin dilimizə necə, nə vaxt və nə məqsədlə daxil olması ilə bağlı məlumatı xatırlatmaqla bitirmək istəyirəm. Əslində bu yazının yazılma səbəbi tamam başqadır. Bu günlərdə müasir dövr təhsilimizdə böyük əmək sərf etmiş, məktəbi, məktəblini və müəllimi yaxşı bilən Nazim Əkbərovun ovqat.com saytında müsahibəsi yer alıb. Həmin müsahibədə Nazim müəllimin ölkəmizdə rus dili və rus bölməsi tədrisi ilə bağlı münasibəti soruşulur. Bir neçə digər müsahibələrindən oxucularına aydındır ki, Nazim müəllimin rus bölməsi tədrisinə münasibəti müsbət deyil və əleyhinədir. Nazim müəllim cəmiyyətimizdə rus dilinin yayılmasını bir neçə nümunə ilə əsaslandırarkən belə bir hadisə danışır:
“1974-cü ildə ordu sıralarından tərxis olunub təyinatla Nehrəm kəndinə müəllim işləməyə getmişdim. O illərdə Mirzə Cəlilin işlədiyi məktəbdə işləyirdim və onun qızı Münəvvər xanım da hələ sağ idi. Ona Naxçıvan şəhərində birotaqlı mənzil vermişdilər, amma o, bundan imtina etmiş, Nehrəm kəndində qalmışdı.
Mən onu görməyə çox can atırdım, necə olsa, məktəb və universitet illərində haqqında ən çox oxuduğum və eşitdiyim Cəlil Məmmədquluzadənin qızı idi. Dostluq etdiyim Əsəd müəllimin dediyinə görə isə, Münəvvər xanım rusca danışmağa daha çox üstünlük verir, bu dildə danışanda bambaşqa adam olurdu. Təbii ki, mən bunun səbəbi ilə maraqlandım. “Sizi deyib gəlmişəm,” “Bizim obrozovannılar” kimi felyeton və məqalələrin, “Anamın kitabı” kimi pyesin müəllifi, “Molla Nəsrəddin” kimi bir jurnalın redaktoru olmuş Mirzə Cəlilin qızının rusca danışması sizə də təəccüblü gəlmirmi?
Əsəd müəllim sualıma təbəssümlə cavab verdi və bunu dedi: “Münəvvər xanıma mən də bu sualı verdim. Bilirsən nə dedi? Dedi ki, Əsəd, biz Tiflisdə yaşayanda mənim 7-8 yaşım var idi. Bir gün evə qaçıb atamdan uşaqlarla oynamaq üçün icazə istədim. Atam Əbdürrəhim bəy Haqverdiyevlə söhbət edirdi. Mənim xahişimə çox hirsləndi. Rus dilində mənə belə dedi: “Sənə min dəfə deməmişəmmi ki, türkcə danışma? İndi get, cəza olaraq küncdə dayan”.
Mən ağladım, amma atamın sözündən də çıxa bilmədim. Gözlərimdən yaş axa-axa gedib otağın küncünə döndüm, dayandım. Əbdürrəhim bəy mənim halımı görüb mənim əlimdən tutdu, özünə tərəf çəkdi. “Ay Mirzə, uşaqdır, yadından çıxdı, bir də danışmaz!..” - deyib məni cəzadan qurtardı”.
Bax, bu Mirzə Cəlilin qızına olan münasibəti idi. Vəziyyət bu qədər sərt və acımasız idi. Görün, nə qədər sərt idi ki, bunu rusca təhsil alan ziyalılar belə hiss etmiş, təlaş içində çarə axtarmağa başlamışdılar.
Bunları niyə deyirəm? İstəyirəm ki, oxucu rus dilinin şüuraltımıza necə yerləşdirildiyini bilsin, məlumatı olsun. O ki qaldı sovet dövrünə, nə Müsavat dövründə, nə də sovet dövründə vəziyyət qətiyyən dəyişmədi. Bir faktı xatırladım ki, Müsavat hökumətinin bütün sənədləri rus dilində idi.
Mən həmin müsahibənin sadəcə bu hissəsinə münasibətimi bildirmək istəyirəm. İlk olaraq qeyd edim ki, Nazim müəllimin müsahibədə ifadə etdiyi faktda xronoloji yanlışlığa yol verilib. Nazim müəllimin 1974-cü ildə Nehrəm kəndinə getməsi faktı doğru ola bildiyi halda Münəvvər xanımla həmin dövrdə görüşə bilməsi faktı yanlışdır. Çünki 1974-cü ildə Münəvvər xanım artıq 9 il idi ki, vəfat etmişdi.
Bundan əlavə, müsahibədə yer alan “Münəvvər xanım rusca danışmağa daha çox üstünlük verir, bu dildə danışanda bambaşqa adam olurdu” fikrini də başa düşmək çətindir. Məncə, həmin fikri redaktə etməyə ehtiyac var. Münəvvər xanımla həmsöhbət olan mənim də tanıdığım bir çox nehrəmli deyir ki, rus dilini çox mükəmməl bilib. Rus dilində təhsil alıb, SSRİ Ali Sovetinin II çağırış deputatı olub. Bütün bunlarla bərabər Münəvvər xanım, həm də nehrəmli olub. O nehrəmlilərlə ana dilində danışıb. Bir çox qadınların səhhəti ilə bağlı əsl fədəkarlıq edib. Yeni ailə quran gəlinlərə cehizlik hədiyyələr vermək adəti olub. Yəni Münəvvər xanım “rus dilində danışanda tamam başqa cür olurdu” fikri olduqca poetikdir və həqiqətə yaxın deyil. Münəvvər xanım Nehrəm kəndində həm də həkim fəaliyyəti göstərib. Doktor Lalbyuzdan (Dəli yığıncağı) fərqli olaraq, xalqın dilini bilən həkim olub. Böyük bir kənddə rus dilinə nabələd insanlarla birlikdə fəaliyyət göstərmiş, onlara tibbi xidmət etmiş Münəvvər xanım haqqında ana dilimizə münasibətinə şübhə hissi yaratmaq, məncə, çox təhlükəlidir.
Nazim müəllimin dostluq etdiyi Əsəd müəllim (Allah rəhmət eləsin) Nehrəm kəndinin çox savadlı və əsl ziyalı şəxsiyyətlərindən olub. Nazim müəllimin Əsəd müəllimin dilindən dediyi faktın doğruluğu da istər-istəməz şübhə doğurur. Cəlil Məmmədquluzadənin ana dilimizə və qızına qarşı belə amansız münasibətdə olması fikri qəbuledilən ola bilməz. Düşünürəm ki, burada Nazim müəllim Əsəd müəllimdən eşitdiyi Münəvvər xanımla bağlı “əhvalatı” ifadə edərkən təhrifə yol verib. Düşünürəm ki, Əsəd müəllim hadisəni bu şəkildə danışmayıb.
Münəvvər xanım uzun müddət Nehrəm kəndində yaşayıb. Yaşadığı dövrdə kənd camaatının yaddaşında xoş xatirələrlə qalıb. Tiflisdə olarkən rus dilində danışmadığı üçün M.Cəlil tərəfindən belə cəza alması və bu cəzanı ədibin dilimizə laqeyd münasibəti şəklində ifadə edilməsi Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı ilə tərs mütənasib gəlir.
Cəlil Məmmədquluzadə “Xatiratım”da yazır:
“Və bizim dilçilərimiz ədəbi, fənni, akademik dili axtarınca “Molla Nəsrəddin”də də açıq və sadə türk dili ilə vurdu nəinki tək bircə Kürü və Arazı keçdi, bəlkə Xəzər və Qaradəryaları da vurub Türkiyəyə və Türküsatana və Gilana keçdi və uça-uça Qafqaz dağlarını açıb, Qafqaza və Krıma və sair türk ölkələrinə keçdi və bu sözə də sübutumuz budur ki, birinci nömrəmiz türk dünyasına dağılan kimi tək bircə həftənin içində hər bir yerdən yazdığımız suallara haman aydın “Molla Nəsirəddin” dilində hədsiz cavablar idarəmizə gəlməyə başladı. Bu cavablar bizim üçün tək bircə həqiqəti təsdiq etməkdə idi ki, yazdığımız dil “Molla Nəsirəddin” məcmuəsi üçün gərək haman sadə və açıq dil olmalıdır. Bu, haman dildir ki, iyirmi üç ilin müddətində biz haman “Molla Nəsirəddin” dilini tutub gedirik. Və bu 23 ilin təcrübəsi bizə bunu göstərdi ki, əgər məcmuəmiz türklərə çox asanlıqla dağılıb öz sözünü onlara çox açıq vəchlə yetirə bildi, bunun səbəbi məhz məcmuənin asan dilidir; onunçün də bu yolda biz bərk-bərk durmuşuq və tərəddüd və şəkk-şübhə etmirik”.
Sonra davam edir:
“Və kim bilsin: bəlkə, məcmuənin asan dilinin camaatımıza olan mənfəəti və xidməti biz güman etdiyimizdən də artıqdır. Bunu bilmək lazımdır ki, bütün islam aləmində ümumən və Qafqaz müsəlmanları içində, xüsusən, ərəb əlifbasının çətinliyi səbəbindən və habelə dəxi qeyri səbəblərdən savad işləri həmişə tənəzzüldə olubdur. Və əlinə qələm götürüb bir mətləb yazmaq istəyən bir Allah bəndəsi bilməyib yazını nə dildə və nə ləhcədə yazsın və dilin imla qanunlarına necə riayət etsin və müxtləif sövtləri hansı hürufat şəklinə salsın; onunçün də indiyədək bizlərdə cürət eləyib ələ qələm alanlar barmaqla sayılıbdır”.
Bu cür düşüncə sahibinə, məktəb yaratmış mətbuatımızın yaradıcısına “dilimizə qarşı belə amansız olub” hökmünü vermək insaflı və ya ədalətli fikir ola bilərmi? Cəlil Məmmədquluzadənin çox yox, üzdə olan bir neçə əsərini oxuduqdan sonra bu fikrə inanmaq olarmı?
Ədibin “Azərbaycan” məqaləsindən bir parça:
Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalata cumuram, özümdən soruşuram ki:
– Mənim anam kimdir?
Öz-özümə də cavab verirəm ki:
– Mənim anam rəhmətlik Zöhrəbanu bacı idi.
– Dilim nə dildi?
– Azərbaycan dili!
– Yəni Vətənim haradır?
– Azərbaycan vilayətidir.
Demək, çünki dilimin adı türk-Azərbaycan dilidir, belə məlum olur ki, Vətənim də Azərbaycan vilayətidir.
“Azərbaycan” məqaləsi Azərbaycançılıq məfkurəsinə girişdir. Azərbaycançılıq məfkurəsi Azərbaycan dili olmadan formalaşa bilərdimi? Bu məfkurənin banisinə “dilimizə qarşı amansız olub” demək haqsızlıq deyilmi? “Anamın kitabı” pyesi ilə ədib dilimizə münasibətini ortaya qoymayıbmı? Həmin pyesdə Rüstəm bəyin, Mirzə Məhəmmədəlinin, Səməd Vahidin dilimizə münasibətini tənqid edib, “çoban dili olsun, öz dilim olsun” yanaşmasını duymaq çox çətin olmalı deyil, məncə.
“Sizi deyib gəlmişəm...” sərlövhəsində ədibimizin dilimizə xor baxanlara qarşı ürək yanğısı ilə ifadə etdiyi ironiyası “Mirzə Cəlil dilimizə qarşı amansız olub” fikrinə tərs düşmürmü?
“Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb bəzi bəhanələr ilə məndən qaçıb gedirlər məsələn fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə.
Çünki hükamalar buyurublar: sözünü o kəslərə de ki, sənə qulaq vermirlər.
Ey mənim müsəlman qardaşlarım! Zəmani ki məndən bir gülməli söz eşidib ağzımızı göyə açıb və gözlərimizi yumub o qədər xa-xa edib-güldünüz ki, az qaldı bağırsaqlarınız yırtılsın və dəsmal əvəzinə ətəkləriniz ilə üz-gözünüzü silib "lənət şeytana" dediniz, o vaxt elə güman etməyin ki, Molla Nəsrəddinə gülürsünüz.
Ey mənim müsəlman qardaşlarım! Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqət ilə baxınız camalınıza.
Sözümü tamam etdim, ancaq bir üzrüm var: məni gərək bağışlayasınız, ey mənim türk qardaşlarım ki mən siz ilə türkün açıq ana dili ilə danışıram. Mən onu bilirəm ki, türk dili danışmaq eybdir və şəxsin elminin azlığına dəlalət edir, amma hərdən bir keçmiş günləri yad etmək lazımdır: salınız yadınıza o günləri ki ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk dilində lay-lay deyirdi və qulaq ağrısı səbəbinə sakit olmurdunuz. Axırı biçarə ananız sizə deyirdi: "Bala, ağlama, xortdan gələr, səni aparar" və siz dəxi canınızın qorxusundan səsinizi kəsib ağlamaqdan sakit olurdunuz.
Hərdən bir ana dilini danışmaq ilə keçmişdə gözəl günləri yad etməyin nə eybi var?”
Nazim müəllimin qeyd edilən müsahibədə təhsilimizdəki və tədrisimizdəki çatışmazlıqlarla bağlı, xüsusilə dilimizin tədrisi və təbliği ilə bağlı fikirləri çox önəmlidir. Əlbəttə, Nazim müəllimin təhsillə bağlı xidmətləri də danılmazıdır. Münasibətim sadəcə dilimizin təəssübünü çəkərkən ən böyük təəssübkeşlərin fəda edilməsinə qarşıdır.
Hörmətlə və sayğılarla...