Rusiya və Qərb arasında zaman-zaman geosiyasi qarşıdurmalar yaşanır. Bu qarşıdurmalardan biri də ötən ay İngiltərədə sabiq rus kəşfiyyatçısı Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsi ilə başlandı.
Bu olaydan sonra İngiltərə Rusiyaya qarşı çox kəskin addımlar atdı. Bir çox Avropa ölkəsi Londona dəstək məqsədilə rus diplomatları ölkədən çıxarmaq qərarına gəldi. İngiltərə hesab edir ki, bu hücumda məsuliyyət Moskvanın üzərinə düşür. ABŞ, Kanada və Avstraliya da bu tədbirlərə qoşulmaqla Böyük Britaniyanın yeritdiyi siyasətə dəstək nümayiş etdirdi. Rusiya isə Qərbin bu addımlarına analoji tədbirlərlə cavab verdi. Ancaq Moskva anlayır ki, Qərbin təzyiqlərinə davam gətirmək çox çətindir.
Krımın ilhaqı, Rusiyanın Ukraynadakı aqressiv siyasəti, Qərbdə keçirilən seçkilərə Moskvanın müdaxiləsi, kiberhücumlar və Rusiyaya qarşı informasiya müharibələri dünya siyasətinin gələcəyini dəyişə biləcək məsələlərdir. Rusiya ABŞ ilə dünya arenasında mübarizə aparmaq iqtidarında deyil. Rusiya Prezidenti Vladimir Putin bunu etmək niyyətində deyil. O, çox gözəl başa düşür ki, Rusiya bununla özünə zərbə vuracaq. Putin çalışır ki, hərbi və aqressiv metodlarla Qərbin birliyini pozsun. Əks halda, Rusiyaya qarşı təzyiqlər daha da artacaq.
Bir müddət öncə Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya və ABŞ prezidentlərinin yaxın zamanlarda görüşəcəyini açıqlamışdı. Bu görüş dünyadakı vəziyyəti dəyişmək yolunda mühüm olacaq. Gözlənilir ki, Putin və Tramp görüşün sonunda çox vacib qərarlar qəbul edəcək.
Ancaq Trampın istedadını da gözdən qaçırmaq olmaz. O, Çin iqtisadiyyatını çökdürmək və Şimali Koreyanın nüvə silahının qarşısını almaq üçün mühüm addımlar atıb. Görüş zamanı Trampın bəzi məsələlərdə Putini yola gətirəcəyi də şübhə doğurmur. Bu məsələlərdən biri də Ukrayna böhranıdır. Ukrayna Trampın yeritdiyi siyasətdən istifadə etməklə yeni geosiyasi proseslərdə öz mövqeyini qorumaq niyyətindədir.