Azərbaycan və Ermənistan arasında həll olunmamış münaqişə təhlükəsizlik və iqtisadi inkişaf üçün əsas maneədir.
Teleqraf.com-un məlumatına görə, bu fikirləri Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında bildirib.
Nazir 20 ildən çoxdur Azərbaycana qarşı işğalın davam etdiyini söyləyib: “1992-ci ildə BMT bu münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Qoşulmama Hərəkatı Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi hesab edir və münaqişənin ərazi bütövlüyümüz çərçivəsində həllini dəstəkəyir. Münaqişə nəticəsində yaranan status-kvo qəbuledilməzdir”.
Onun sözlərinə görə, Azərbaycan sülh və təhlükəsiziliyin təminatı üçün BMT-nin aparıcı rolunu qəbul edir: “Biz bu qurumda islahatların aparılmasını və Baş Assambleyanın rolunun artırılmasını dəstəkləyirik. Yalnız belə olan halda BMT üzvlərinin üçdə ikisinin səsi eşidiləcək və hörmət ediləcək”.
Elmar Məmmədyarovun fikrincə, münaqişələrin həlli nəinki regionlarda, eləcə də bütün dünyada sabitliyə gətirib çıxarır.
***
10:21
Bakıda keçirilən Qoşulmama Hərəkatı çərçivəsində “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında sədr seçilib.
Konfransda səsvermə keçirilib.
Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov sədr təyin edilib./APA/