16:32
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası prezident seçkilərində təxribat hazırlayır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası seçki məntəqələrinə yerli müşahidəçi qismində Əli Kərimliyə yaxın olan çoxlu sayda adam yerləşdirib.
Bunu iddia ilə APA-ya açıqlamasında “Cəbhəçilərin Təşəbbüs Qrupu”ndan prezidentliyə namizədliyi irəli sürülmüş Razi Nurullayev çıxış edib.
R. Nurullayev deyib ki, bunu etməkdə məqsəd səsvermə günü məntəqələrdə guya kütləvi pozuntuların olduğu, səsvermənin nəticələrinin saxtalaşdırıldığı və digər namizədlərə verilən səslərin Razi Nurullayevə yazıldığı barədə rəy formalaşdırmaqdır.
Prezidentliyə namizəd bildirib ki, ATƏT DTİHB müşahidə apardığı bəzi ölkələrdə keçirilən seçkilərin nəticələri barədə, bir qayda olaraq, qərəzli hesabatlar hazırlayır: "Bu zaman həm özünün müşahidə missiyasının üzvlərinin, həm də onun tövsiyəsi əsasında məqsədli şəkildə seçilib məntəqələrə yerləşdirilmiş bəzi yerli müşahidəçilərin fikirlərinə istinad edir. Qeyd etmək istəyirəm ki, yerli müşahidəçilər daha çox məni özünün bir nömrəli düşməni sayan Əli Kərimlinin adamlarından formalaşdırılıb. Bütün bunlar namizəd kimi yalnız mənə qarşı deyil, bütövlükdə Azərbaycanda keçirilən prezident seçkilərinə qarşı təxribatdır. Bəri başdan bəyan edirəm ki, biz qərəzli hesabatı qəbul etməyəcək, onu hazırlayanların ifşası yönündə iş aparacağıq”.
***
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda prezident seçkilərini izləyəcək müşahidə missiyası prezidentliyə namizəd Razi Nurullayevin iddialarına cavab verib.
Müşahidə missiyasından bildirilib ki, ATƏT DTİHB-in aprelin 11-də səsvermə prosesini izləmək üçün seçki məntəqələrinə göndərəcəyi müşahidəçilər məhz missiyada iştirak etmək üçün ATƏT-ə üzv ölkələr tərəfindən göndərilən beynəlxalq müşahidəçilərdir.