“Tbilisi hadisələri”, yaxud “9 aprel faciəsi” gürcü-abxaz münaqişəsi fonunda 1980-ci illərin ikinci yarısında irəli sürülən və məqsədi SSRİ-də inkişaf etmiş ictimai-siyasi və iqtisadi sistemin hərtərəfli demokratikləşdirilməsi olan “Yenidənqurma dövrü”ndə baş verdi.
Həmin hadisələrin 29-cu ildönümü ərəfəsində Teleqraf.com-a açıqlama verən Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin Tarixçilər Qrupunun araşdırmaçısı Məhəmməd Hacıbalayev bildirib.
O qeyd edib ki, 1989-cu ildə Lıxnı kəndində 30 min nəfərlik abxaz çıxışı baş verib:
“Bu çıxış nəticəsində Abxaziya Muxtar Sovet Sosialist Respublikası Gürcüstan SSR-dən ayrilaraq müttəfiq respublika statusuna malik olur. Lıxnıların bu çıxışı icazəsiz, qeyri-rəsmi hərəkət kimi qeyd edildi. Martın 25-də Qali şəhərində 12 min nəfərlik mitinq baş verdi, aprelin 1-də Leselidzede, həmçinin Suxumidə və Gürcüstanın digər şəhərlərində çıxışlar baş verdi. 4 apreldə Tbilisidə Zviad Qamsaxurdiya, Merab Kostava, İrakli Sereteli və Georgi Çanturiyanın rəhbərliyi altında gürcü milli hərəkatının uzun sürən mitinqi baş verdi. Mitinqə hazırlıqlar “Gürcü şahinlər legionu” adı altında gedirdi. Mitinqdə keçmiş əfqan döyüşçüləri, idmançılar və fiziki cəhətdən güclü insanlar iştirak edirdilər. Onlar odlu silahlarla, dəmir çubuqlarla, zəncirlərlə və digər vasitələrlə silahlanmışdılar. Hamının odlu silahlarla təmin olunması üçün pul yığımı təşkil olunmuşdu. 6 apreldə mərkəzi meydanda “Komunist rejimi uçuruma yuvarlanıb”, “SSRİ xalqlar həbsxanasıdır” şüarları eşidilirdi. Növbəti gün, aprel ayının 7-i, 20:35-də Gürcüstan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Cumber Patiaşvili tərəfindən imzalanmış teleqram mərkəzə göndərildi. Boris Nikolski mitinq hazırlıqları üçün Daxili İşlər Nazirliyinin əlavə qüvvələrini və Müdafiə Nazirliyinin əlavə qüvvələrini Tbilisiyə göndərməyə hazırlamışdı”.
M.Hacıbalayev qeyd edib ki, axşam saatlarında V.Çeçikovun təşəbbüsü ilə toplanan və E.Liqaçovun sədrliyi ilə keçirilən toplantıda Gürcüstan SSR rəhbərliyi respublika əhalisinə öz mövqeyini izah edərək, kütləvi iğtişaşların qarşısını almaq üçün hərbi hissələrin Tbilisiyə köçürülməsi fikrini irəli sürdü:
“Axşam saatlarında “Vnukovo” hava limanında Tbilisidə baş verən hadisələrlə əlaqədar xaricdən səfərdən dönən Mixail Qorbaçovla söhbət olur. O, Siyasi Büronun üzvü Eduard Şevardnadze və Mərkəzi Komitənin katibi Georgi Razumovskini fövqəladə vəziyyətə görə Tbilisiyə göndərməyə qərar verir. Aprelin 8-də, saat 00: 00-dan etibarən Dzerjinski şöbəsinin 4-cü alayı (650 nəfər) Tbilisiyə yerləşdirildi. Həmin vaxtı Spitak zəlzələsinin nəticələrini aradan qaldırmaq üçün Daxili İşlər Nazirliyinin Gəncədən 345-ci alayının hərbçiləri (440 nəfər), Perm və Voronejden OMON-çular (160 nəfər) və Qorki adına DİN-nin Akademiyasından 450 kursant ora göndərilir. Bundan əlavə, Tbilisidə yerləşdirilən 8-ci motoatıcı alayının milisləri xüsusi əməliyyata cəlb olunur”.
Müsahibimiz əlavə edib ki, hadisə şahidlərinin birinin ifadəsinə görə, yerli avtobus sürücüləri OMON-çuları hadisə yerinə, mitinqlərin baş verdiyi yerə aparmaqdan, habelə onlara həmin ərazini deməkdən belə imtina ediblər:
“Mitinqin dağılmasında Gürcüstan milisləri iştirak etməyib, əksinə, iştirakçılarını qorumağa və təhlükəli yerdən geri çəkməyə çalışıb. Aprelin 8-də etirazçılar küçələri bloklamaq, hərbi texnikanı ələ keçirmək üçün addımlar atırlar. Nəticədə 7 polis və 5 hərbçi döyülür, bəzi silahlar, küçələr ələ keçirilib. Hətta, Rustavi Metallurgiya zavodunun ələ keçirilməsi üçün də cəhd edilir. Rəsmi versiyaya görə, mitinqi dağıtmaq qərarı üçün aprelin 8-də müdafiə nazirinin müavini Konstantin Koçetov Moskvadan Tbilisiyə gəlir, Zaqafqaziya Hərbi Dairəsinin komandiri İqor Rodionovla görüşür. Həmin gün axşam saatlarında Gürcüstan SSR Nazirlər Sovetinin sədri Zurab Çxeidze Daxili İşlər Nazirliyinə, Daxili Qoşunların və sovet ordusunun hərbçilərinə Hökumət Evinə bitişik ərazidən etirazçıları uzaqlaşdırmaq üçün tədbirlər görmələri haqda əmr verir. SSRİ Daxili İşlər Nazirliyinin asayişin qorunması üçün tədbirlər gördüyünü görən Qamsaxurdiya, Kostava, Sereteli Abxaziya məsələsi üçün Suxumiyə döyüşçü göndərmək planını təxirə salırlar. Onlar ora bir də “9 aprel faciəsi”ndən sonra getdilər”.
M.Hacıbalayev bildirib ki, 1989-cu ilin aprelin 9-da Tbilisidə baş verən hadisələr nəticəsində 19 nəfər həlak olur, 251 nəfər yaralanır:
“Faciədən sonra general Rodionov öz əməllərinə belə haqq qazandırırdı ki, əgər mitinq ordu tərəfindən dağıdılmasaydı, millətçilər Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinin binasına daxil olardılar. Onları ordan çıxarmaq prosesi zamanı nə qədər adamın öləcəyi və yaralanacağını düşünmək belə dəhşətli olardı”.