7 Aprel 2018 14:18
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz növbədənkənar seçkilərin keçirilməsini normal qarşıladıq.

Teleqraf.com xəbər verir ki, bunu BAXCP-nin qurultayında hesabat məruzəsi ilə çıxış edən partiya sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib.

O qeyd edib ki, Azərbaycanın qonşuluğunda yerləşən üç böyük dövlət – Rusiya, Türkiyə və İran Suriyada münaqişəyə cəlb olunub:

“Türkiyədə ciddi bir uğursuzluq baş versə, bu ciddi çaxnaşmaya səbəb ola bilər. Rusiyaya qarşı sanksiyalar getdikcə sərtləşir. İranla bağlı vəziyyəti də özünüz görürsünüz. Bu ölkələrdə daxili sabitlik pozulsa, onlar da öz növbələrində Azərbaycanda sabitliyin pozulmasına çalışacaqlar. Bəzən opponentlərimiz deyirlər, hansı hadisə baş vermişdi ki, hökumət növbədənkənar seçki qərarı verdi? Ancaq ağıllı hökumət odur ki, hansısa hadisə baş verməmiş onu önləsin. Əli Kərimli və ona yaxın olan bir qrup heç bir siyasi perspektivləri olmadığı üçün bu gün xaricdə oturub möhkəm söyüş söyməklə məşğuldurlar. Biz bunun səbəblərini soruşanda onlar deyirlər ki, hökumətə yaxın bəzi insanlar da söyürlər. Amma əgər söyüş söyürlərsə və sən bunun qarşısını almaq istəyirsənsə, gərək daha ali davranasan. Vidadi İsgəndərli adlı şəxs bu gün deyir ki, atamın qəbri təhqir olunduğu üçün gəlib atamın qəbri üstündə onu edənlərin başını kəsəcəm. Təsəvvür edirsinizmi ki, bunu bir hüquqşünas deyir.

Yaxud, Əli Kərimlinin özünü götürək. Bu hələ onların oxumuşu, təhsillisidir. Bir jurnalistin təxribatına gedir. Jurnalist ona sual verir ki, sizi niyə həbs etmirlər? O cavab verir, əgər bilsəm ki, mənim həbs olunmağımla mitinqə daha çox adam gələcək, mən bir xuliqanlıq edib həbs olunaram. Yenə deyirəm, təsəvvür edirsinizmi, bunu hüquqi dövlət qurmaq istəyən, partiya sədri olan şəxs deyir. Bunu özünə rəva görür. Partiya sədrinin bu dünyagörüşü öz-özlüyündə hər şeyi deyir. O özünə bunu məqbul sayırsa, demək biz özümüz üçün müəyyənləşdirməliyik ki, demokratiyadan danışan adamlar lazım olanda ən anti-demokratik adamlar ola bilirlər”.

Q.Həsənquliyev dövlət və cəmiyyət həyatının müxtəlif istiqamətlərinə dair də fikirlərini bölüşüb.
O, hakimlərin sayının və maaşının, ümumilikdə isə bütün peşələrdə çalışan insanların maaşının faizlə deyil, dəfə ilə artırılmalı olduğunu vurğulayıb.

Partiya sədri Azərbaycan Dövlət Neft Fondunun xarici banklarda saxladığı 44 milyard dollar vəsaitin ən azı 4 milyardının ölkəyə gətirilib yerli banklarda saxlanılmasının vacib olduğunu qeyd edib

“Banklar həmin vəsaiti sahibkarlara aşağı faizlə kredit verə bilərlər. Çünki bu gün sahibkarlar banklardan yüksək faizlə kredit alırlar. Əgər onlar aşağı faizlə kredit alarlarsa bu, vətəndaşlar üçün yeni iş yerlərinin açılması demək olar. Həmçinin, bununla Azərbaycan vətəndaşlarının yerli banklara da güvəni artar. Ölkə iqtisadiyyatına ciddi investisiya qoyulmayacağı təqdirdə mühüm nailiyyətlərdən söhbət gedə bilməz”.

Partiya sədri Azərbaycanın xam neft deyil, neftdən hazırlanmış məhsullar satmasının zəruri olduğunu deyib.

Bu məqsədlə Səngəçalda neft emalı zavodu tikilməsi təklifi ilə çıxış etdiklərini bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər