ABŞ Prezidenti Donald Trampın Amerika ordusunun Suriyanı tərk edəcəyi ilə bağlı açıqlaması birmənalı qarşılanmadı. Tramp deyib ki, ABŞ ordusu İŞİD terror təşkilatının məhv edilməsi ilə bağlı missiyasını yerinə yetirib və buna görə Suriyanı tərk edəcəyik. Məlumata görə, ABŞ Suriyadakı əməliyyatlara trilyon dollar xərcləyib.
Bəzi amerikalı siyasətçilər hesab edir ki, Trampın bu açıqlaması “Amerika ilk növbədə” siyasətinin tərkib hissəsidir.
Əsədin əsas məqsədi – ölkənin nəzarətini ələ almaqdır. Hazırda yalnız Fərat çayının qərb hissəsi Əsəd ordusunun nəzarətindədir. Bu ərazi xüsusi strateji və iqtisadi əhəmiyyətə malikdir.
İranın ali dini lideri Əli Xameneyi üçün oyun Suriyanın tamamilə Əsəd hakimiyyəti altına keçəcəyi gün bitəcək. Bununla Xameneyi Suriyada radikal islamı tətbiq edəcək.
Rusiya Prezidenti Vladimir Putin də Əsədin Suriyadakı hakimiyyətini möhkəmləndirmək fikrindədir. Bununla Putin amerikalılara qalib gəldiyini elan edəcək. Əsədin sükan arxasında, Suriyanın isə Tehranının protektorları altında olması Putini tam qane edir.
ABŞ Müdafiə Nazirliyi bəyan edib ki, İŞİD-ə qarşı mübarizə hələ yekunlaşmayıb. Məlumatlarda bildirilib ki, yüzlərlə terrorçu hələ də Suriya ərazisində gizlənir.
Bəs hadisələr necə inkişaf edəcək? Bax, bu məsələ ABŞ siyasətçilərinin narahatlıqlarına səbəb olub. Əgər Tramp ordunu geri çəksə, İŞİD ilə bu günə qədər aparılan mübarizə boşuna olacaq. ABŞ-ın İŞİD-dən təmizlədiyi bölgələr Əsəd və İran qüvvələrinin nəzarətinə keçəcək. Bölgədə İranın hegemonluğu sürəcək.
Pentaqon bu kimi problemlərlə qarşılaşmamaq üçün ənənəvi üsullardan istifadə etmək niyyətindədir. ABŞ siyasətçilərinin sözlərinə görə, Vaşinqton vaxtından əvvəl geri çəkilməyin səhvlərini artıq İraqda görüb.
Ancaq burada başqa bir məsələyə diqqət yetirmək lazımdır. Trampın ABŞ-ın Suriyadakı müharibəyə xərclədiyi pullardan xəbəri var. O, bu zonanı belə asanlıqla İran və Rusiyaya təhvil verməz.
Trampın Suriyanın əvəzində rəqiblərinə hansı tələbləri irəli sürdüyü isə qeyri-müəyyən olaraq qalır.