Bolqarıstanın Azad və Demokratik Seçkilər Uğrunda Vətəndaş Təşəbbüsü (GİSDİ) qeyri-hökumət təşkilatı Azərbaycanda aprelin 11-də keçirilən prezident seçkiləri ilə bağlı bəyanat verib.
Teleqraf.com xəbər verir ki, GİDSİ-nin Azərbaycanda keçirilən prezident seçkilərinin müşahidəsi üzrə seçki müşahidə missiyasinin rəhbəri Mixail Mirçev bildirib ki, seçki kampaniyası və seçki günü aparılan müşahidələr və seçkinin nəticələri qaydalara uyğundur:
"Seçkiqabağı kampaniya ilə bağlı martın 29-da aralıq hesabatı təqdim etmişik. Seçki günü seçki prosesi normal təşkil edilmişdi. Secicilərə təzyiq göstərilməsi halları müşahidə edilməyib. Secki idarəetmə orqanları və ya daha aşağı instansiya komissiyalarına - Dairə Seçki Komissiyalarına qarşı ictimai nümayiş halları baş verməyib. GİDSİ-nin müşahidəçilərİ heç bir problem olmadan məntəqələrə daxil olublar. İlkin faktlar və nəticələrə əsasən, belə qənaətə gəlirik ki, seçki qutularının möhürlənməsi ilə bağlı heç bir pozuntu qeydə alınmayıb".
Mixail Mirçevin sözlərinə görə, səsvermə prosesi şəffaf keçib, səsvermə kabinəsindən kənarda səsvermə halları müşahidə edilməyib:
"Qutulara topa bülletenlərin atılması və ya bir seçicinin bir neçə seçicinin yerinə səs verməsi cəhdləri müşahidə edilməyib. Səsvermə məntəqəsinin heyət üzvləri və digər rəsmilər tərəfindən seçicilərə hansısa namizədə səs vermələri ilə bağlı təzyiq göstərilməsi halları qeydə alınmayıb, hansısa namizədin xeyrinə təbliğat aparılması müşahidə edilməyib. Səsvermə prosesinə kənar müdaxilələr olmayıb. Səslərin hesablanması prosesi şəffaf aparılıb. Bu proses zamanı heç bir ciddi qanun pozuntuları qeydə alınmayıb. Ümumilikdə seçki prosesi şəffaf aparılıb və seçkinin nəticələrinə mümkün təsir edə biləcək ciddi qanun pozuntuları müşahidə edilməyib. Beləliklə, GİDSİ belə qənaətə gəlir ki, 11 aprel prezident seçkiləri beynəlxalq standartlara uyğun keçirilib və Azərbaycan xalqının iradəsini ifadə edir".