12 Aprel 2018 18:42
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı açıqlamaları ölkə ictimaiyyətinin təəccübünə səbəb olub.

Axar.az xəbər verir ki, istər seçki zamanı keçirilən “exit-poll”larda, istərsə də müxtəlif təşkilat və ölkələrin müşahidəçilərinin rəylərində Azərbaycandakı seçkilərin tam şəffaf və Seçki Məcəlləsinə uyğun şəkildə keçirilməsi ilə bağlı müddəalar qeyd olunduğu halda, ATƏT-in belə qərəzli mövqe sərgiləməsi cəmiyyətdə birmənalı qarşılanmayıb.

Seçkilərlə bağlı ölkəmizdə müşahidələr aparan bir sıra təşkilatlar, ekspertlər, xarici ölkə nümayəndələri demokratik və şəffaf seçki mühitinin formalaşdırıldığını, vətəndaşlarda seçki mədəniyyətinin yüksək olmasını sübut edən çoxsaylı çıxışlar ediblər.

Bunlardan İtaliyanın xarici əlaqələr komitəsinin üzvü Antonio Radzenin çıxışına diqqət yetirməklə seçkinin şəffaflığı haqda dolğun fikir sahibi olmaq mümkündür:

“Bu gün müxtəlif seçki məntəqələrində müşahidə aparılıb və heç bir qanun pozuntusu qeydə alınmayıb. Seçki prosesi demokratik və şəffaf olub. Barmaq izinin skan olunması çox innovativ bir sistemdir, bununla heç vaxt rastlaşmamışdım. Bu gün xalqın İlham Əliyevin yüksək səs toplaması ilə bağlı bayram etdiyini gördüm. Azərbaycanın gələcəkdə daha da çiçəklənməsini arzu edirəm”.

Finlandiya Senatının fəxri üzvü, belçikalı Frank Kriyerman seçkilərin Avropa standartlarına uyğun keçirildiyini bildirib. Hətta Belçikada da bu cür şəffaflığın olmadığını qeyd edən Kriyerman vurğulayıb ki, bunda Prezident İlham Əliyevin böyük rolu var.

Asiya Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəri, Assambleyanın xüsusi nümayəndəsi, Türkiyə Böyük Millət Məclisinin deputatı Burhan Kayatürk isə seçki barədə bunları deyib:

“Azərbaycan xalqı öz iradəsini ifadə edərək dəstəklədiyi namizədə səs verdi. Rəhbərlik etdiyim nümayəndə heyəti gün ərzində həm paytaxtın mərkəzində, həm də şəhərətrafı qəsəbələrdə səsvermə prosesinin gedişini müşahidə edib. Səsvermə prosesi azad və şəffaf şəkildə keçib. Məntəqələrdə həm yerli, həm də beynəlxalq müşahidəçilərin sərbəst müşahidə aparması üçün hər cür şərait yaradılmışdı”.

MDB-dən olan müşahidəçi Vladimir Muradov seçkilərə hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını bildirib və səsvermənin uğurlu olmasını bu amillə əlaqələndirib:

“Seçkinin ilk saatlarından başlayaraq, yüksək fəallıq gördük. Məntəqələrdə seçicilərin zəruri informasiya ala bilmələri və sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılmışdı. Vətəndaşlar çox asanlıqla öz adlarını seçici siyahılarında tapırdılar”.

Təsadüfi deyil ki, hətta qərəzli mövqe nümayiş etdirmiş ATƏT-in təmsilçisi Aqitos Rulantos da seçki prosesinin gedişi ilə bağlı müsbət fikirlər səsləndirib:

“Müşahidə apardığımız seçki məntəqələrində seçicilərin fəallığının şahidi olduq. Digər həmkarlarım ilə birgə missiyamızı diqqətlə yerinə yetirdik. Səsvermənin gedişindən razı qaldıq”.

İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Konstantin Razvozov seçicilərin öz səsvermə hüquqlarından sərbəst şəkildə istifadə etmələri üçün lazımı şəraitin yaradıldığını, məntəqələrdəki veb-kameraların onu yaxşı mənada təəccübləndirdiyini deyib. O, ölkəmizdə keçirilən seçkilərin digər ölkələrə nümunə ola biləcəyini qeyd edib.

Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov isə seçkilərin Azərbaycan xalqının siyasi iradəsinin göstəricisi olduğunu vurğulayıb:

“Exit-poll”un nəticələrinə baxsaq, İlham Əliyev qalib gəlib və bu nəticə millətin iradəsini əks etdirir. Digər namizədlər lazımı şəkildə öz seçicilərinə müraciət etdilər. Seçkilər Avropa Şurasının standartlarına uyğun keçirilib”.

Seçki prosesindən razı qalanlar arasında prezidentliyə namizədlərin də olması bütün suallara aydınlıq gətirir. Onlar da ATƏT-in seçkilərlə bağlı bəyanatını yalan hesab etdiklərini bildiriblər.

Prezidentliyə namizəd olmuş Araz Əlizadə Axar.az-a açıqlamasında ATƏT-in seçkilərlə bağlı yaydığı bəyanatın uydurma olduğunu deyib:

“ATƏT-in Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı yaydığı bəyanat cəfəngiyyatdır. Ümumiyyətlə, ATƏT Azərbaycan üçün nəsə etmək istəyirsə, özündən seçki saxtakarlığı haqda heç nə uydurmasın, gedib Ermənistanı işğal olunmuş torpaqlarımızı qaytarmağa məcbur etsin. Hazırda ATƏT-in Minsk qrupunun qarşısında Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi var, qurumdan bu problemin həllini tələb edirlər. Ona görə də ATƏT bizdən intiqam alır. Seçkinin iştirakçısı kimi deyə bilərəm ki, seçkilər şəffaf, demokratik və azad keçirilib. ATƏT-in yaydığı bəyanat mənim üçün qətiyyən maraqlı deyil”.

AXCP sədri, namizədliyi “Cəbhəçilərin Təşəbbüs Qrupu” tərəfindən irəli sürülmüş Razi Nurullayev isə ATƏT-in bəyanatının absurd olduğunu bildirib:

“Seçki prosesində çox normal şəkildə iştirak etdim. Seçki ərəfəsində də hər hansı bir maneə ilə rastlaşmamışam. Prezident seçkilərində şəffaf seçki kampaniyası apara bildim. Açığı, seçkinin nəticələrini şübhə altına ala biləcək məqamlarla rastlaşmamışam. Namizəd kimi seçkilərlə bağlı narazılıq etmək və ya şikayət vermək kimi bir fikrim yoxdur”.

Tanınmış jurnalist Taleh Şahsuvarlının ortaya qoyduğu fakt ATƏT-in müşahidəçilərinin seçki prosesində nə dərəcədə "ciddi" iştirak etməsindən xəbər verir. Belə ki, ATƏT-in seçkidə müşahidəçisi olmuş Stefan Şennax prezidentliyə namizədliyi Sosial Demokrat Partiyasından irəli sürülmüş Araz Əlizadəni qadın kimi təqdim edib. ATƏT-in kişi namizədi qadın kimi görməsi onun seçkiyə hansı “gözlə”, hansı ciddiyyətlə baxdığını aydın göstərir. Təkcə bu hala diqqət yetirməklə sözügedən qurumun yaydığı bəyanatın qeyri-ciddi olmasını görmək olar.

ATƏT-in məsələyə qərəzli mövqe sərgiləməsini göstərən daha bir nümunə isə radikal müxalifətin seçkilərdə iştirak etməməsini əsas gətirməsidir. Seçkidə uduzacağını anlayan, könüllü şəkildə sağlam rəqabət mühitindən kənara çəkilən radikal müxalifətin nümayəndələrinin seçki prosesinin dəyərləndirilməsi zamanı arqument kimi götürülməsi məsələyə yanaşmanın nə dərəcədə yanlış olduğunu göz önünə sərir.

Həm xarici diplomatların, qurumların, həm də namizəd kimi iştirak edən şəxslərin fikirləri yekun olaraq onu göstərir ki, Azərbaycanda ötən gün baş tutmuş prezident seçkiləri tam şəffaf şəkildə həyata keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər