12 Aprel 2018 19:19
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ATƏT-in Demokratik təsisatlar və insan hüquqları bürosu, ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının 11 aprel tarixində keçirilmiş prezident seçkilərinin nəticələri ilə əlaqədar hazırladıqları ilkin hesabatı qərəzli və ədalətsizdir”.

Publika.az xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan xalqı öz iradəsini nümayiş etdirərək seçimini edib. Millət vəkili qeyd edib ki, baş tutan şəffaf və demokratik seçki prosesini görməzdən gələrək məsələni başqa istiqamətə aparmaq mənfi haldır.

Müsahibimiz özünün qarşılaşdığı bir hadisəni xatırladaq ki, seçkilərdə müşahidə aparan beynəlxalq təşkilatların ikiüzlülüyünü göstərib:

“2015-ci ildə Ukraynada AŞPA-nın nümayəndəsi kimi seçkiləri müşahidə edirdim. Həmin vaxt rəhbərimiz qərəzli mövqeyi ilə seçilən Qross adlı şəxs idi. Sonda öz hesabatlarımızda göstərdik ki, müşahidələrimiz zamanı heç bir qayda pozuntusu qeydə almamışıq. Qross bunların hamısını qəbul etdi və razı qaldı. Bir gün sonra, yəni, bütün ölkə üzrə nəticələr gələndən sonra o, seçki prosesi ilə bağlı mənfi mövqeyini açıqladı. Onun sonradan tamamilə başqa bir hesabatı açıqlaması qərəz və ədalətsizlikdən xəbər verirdi. Ona hansısa əvvəlcədən hazırlaşmış sənəd gəlmişdi. Bu, mənə deməyə əsas verir ki, Azərbaycanda da eyni vəziyyətlə qarşılaşırıq. Amma Azərbaycanda xalq öz seçimini edib”.

Millət vəkili qeyd edib ki, sözügedən hesabat xalqın seçiminə edilən hörmətsizlikdir:

“Sözügedən təşkilat əvvəlcədən hazırlanmış hesabatı açıqlayaraq qərəzli mövqeyini ortaya qoydu. Azərbaycan xalqı düz yoldadır, xalq cənab prezident İlham Əliyevi dəstəkləyir və Azərbaycanın ərazi problemini həll etmək üçün öz liderinin ətrafında sıx birləşib. Yaxşı olardı ki, bu təşkilatlar ədalətli mövqedən çıxış etsinlər. Amma görünür, onlara bu hesabatla bağlı hansısa göstərişlər olub. Məhz bunu bildiklərinə görə də, təşkilatın hesabatı Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrinin, eləcə də jurnalistlərin ciddi etirazı ilə qarşılanıb”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər