Mən bir ay müddətində ATƏT-in müşahidə missiyasında çalışdım. Onların dünən açıqladığı hesabatın bir ay müddətində müşahidə olunanla, dünən mətbuat konfransında açıqlanan məlumatla heç bir əlaqəsi yoxdur. Həmin hesabat əvvəldən hazır idi.
Teleqraf.com xəbər verir ki, bu sözləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə Missiyasının siyasi məsələlər üzrə köməkçisi Vüqar Əhmədov bu gün keçirdiyi mətbuat konfransında deyib.
V.Əhmədov ötən gün açıqlanan hesabatın missiya nümayəndələrinin şəxsi fikirləri olduğunu bildirib:
“Dünənki hesabatdan sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycandakı prezident seçkiləri üzrə müşahidə missiyasının rəhbəri Korien Conkerə məktubla müraciət etdim ki, qeyri-obyektiv və qərəzli yanaşmasını əsas tutaraq missiyanı tərk edirəm. Artıq bununla bağlı rəsmi müraciət etmişəm. Bir aylıq fəaliyyətim ərzində ATƏT-in müşahidə missiyasının bütün görüşlərində, müzakirələrində yaxından iştirak etmişəm. Missiyanın martın 29-da dərc olunan ilk hesabatına etirazımı bildirmişdim. Çünki həmin hesabatda seçkidə rəqabət olmaması fikirləri doğru deyildi. Biz bütün namizədlər, qeyri-hökumət təşkilatları ilə görüşdə ancaq müsbət fikirlər eşitdik. Ümid edirdim ki, ATƏT seçkilərdən sonra məsələlərə daha obyektiv yanaşacaq. Lakin elə olmadı. Hesab edirəm ki, həmin mətn onlara hazır formada təqdim edilib, onu oxuyanların həmin mətndən xəbəri yoxdur. Onlar siyasi partiyaların, namizədlərin fikirlərini bir kənara qoyub, öz təxəyyüllərindən irəli gələn məsələləri hesabat halına salıblar. ATƏT-in seçkiləri müşahidə etmək üçün təyin etdiyi nümayəndələr ölkəmizə qərəzli yanaşırlar. Azərbaycana qarşı ədalətsiz fikir yaradırlar, ölkə ilə bağlı mənfi fikirdədirlər. Hesabatın hazırlanmasında fəal iştirak edən Stefan Krauzla dəfələrlə dialoqum olub, ondan real fikirlərini soruşdum. Məlum oldu ki, o, Azərbaycanda demokratik mühitin olmadığını düşünür. ATƏT-in missiyasının mətbuat məsələləri üzrə analitiki Eqor Tipinovla söhbətimdə bildirdi ki, hesabatları artıq hazırdır. Seçkinin səhəri günü açıqlayacaqlar. Onlar nə müşahidə etmələrindən asılı olmayaraq düşündükləri hesabatı açıqladılar”.
V.Əhmədov bildirib ki, S.Krauzun Azərbaycanda bağlı mövqeyi onun sosial şəbəkədəki hesabında açıq şəkildə görünür:
“Stefan Krauz 3 aprel 2017-ci ildə İrəvanda keçirilən seçkilərlə bağlı sosial şəbəkə hesabında ermənilərə təbrik ünvanlayıb. Onun şəxsi fikirlərinin seçki hesabatında əks olunması qərəzli olduğundan xəbər verir. Bütün bunlardan sonra bəlli olur ki, bir ay ərzində müşahidə missiyası ATƏT-in ayırdığı vəsaitlə araşdırma aparmaq əvəzinə, sadəcə görüntü yaradıblar. Bu qədər qərəzli, birtərəfli yanaşma ancaq təxəyyül məhsulu ola bilər. Şahidi oldum ki, Azərbaycan hökuməti bir ay müddətində onların vətəndaş cəmiyyəti, siyasi partiyalarla görüşünə bütün şəraiti yaratmışdı. Azərbaycanda inkişafla bağlı məsələləri deyəndə eşitməzlikdən gəlir, ancaq ölkəmiz əleyhinə olan qarayaxma kampaniyaları ilə maraqlanırlar. Azərbaycanda olduqları müddətdə onlar Xədicə İsmayıl, Emin Millinin fikirlərindən bəhrələnib, onlarla kontaktda olublar. Əminəm ki, Xədicə İsmayıl, Emin Millinin bu hesabatın hazırlanmasında rolu olub. Dünənki rüsvayçı hesabat da bu fikirlərin haqsız olmadığını göstərir. Seçki günü mən missiyanın ofisində idim, lakin ciddi qayda pozuntusu ilə bağlı şikayət daxil olmadı. Sadəcə cüzi pozuntular daxil olurdu, lakin onlar hesabatda göstərildiyi kimi deyildi. Nə seçkiyə qədər, nə də seçki günü müşahidələrdə hesabatda açıqlandığı kimi mənfi məqamlara rast gəlinməmişdi”.
V.Əhmədov bildirib ki, bu barədə fikirlərini ATƏT-in Baş Ofisinə göndərəcək:
“Ümid edirəm ki, hələ də gec deyil. ATƏT-in yekun hesabatı iki ay sonra yayımlanacaq. İnanıram ki, ən azından həmin hesabatda gördükləri reallıqlardan danışarlar”.