Türkiyə Xarici İşlər Nazirliyindən ABŞ, Fransa və İngiltərənin Suriyaya təşkil etdiyi əməliyyat barədə açıqlama verilib.
Teleqraf.com xəbər verir ki, rəsmi Ankara əməliyyatın yerində bir reaksiya olduğunu və məmnunluqla qarşılandığını açıqlayıb:
“Türkiyə 7 aprel günü Dumada çoxlu sayda mülki şəxsin ölümünə yol açan kimyəvi silah hücumuna cavab olaraq ABŞ, İngiltərə və Fransanın bu gün səhərə yaxın Suriya rejiminə qarşı təşkil etdiyi əməliyyatı düzgün reaksiya kimi qiymətləndirir.
Rejim tərəfindən həyata keçirdiyi yönündə güclü şübhə olan Duma hadisəsi qarşısında bütün insanlığın vicdani duyğularına uyğun olan bu əməliyyatı məmnunluqla qarşılayırıq. Kimyəvi silahlar da daxil olmaqla, kütləvi qırğın silahları ilə mülki şəxsləri hədəf alan hücumlar insanlığa qarşı cinayətdir. Yeddi ildən çoxdur ki, istər adi silahlar, istərsə də kimyəvi silahlarla öz xalqına zülm edən Suriya rejiminin insanlığa qarşı cinayətləri, eləcə də hərbi cinayətləri ortadadır.
Beynəlxalq ictimaiyyətin vicdanında bu məsələdə şübhə yoxdur. Türkiyə bu cür cinayətlərin cəzasız qalmaması və günahkarların cəzalandırmasının bənzər hadisələrin təkrarının qarşısının alınması baxımından kritik önəmə sahib olduğuna inanır”.
Xatırladaq ki, ABŞ, Fransa və İngiltərə Suriyanın hərbi obyektlərinə aviazərbələr endiriblər. (Axar.az)