14 Aprel 2018 12:56
1 713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən axşam saatlarından başda ABŞ olmaqla bəzi ölkələr Suriya Prezidenti Bəşər Əsədə sadiq qüvvələrin mövqelərini bombardman etməyə başlayıb. Buna səbəb Əsədin Şərqi Qutada kimyəvi silahdan istifadə etməsi iddialarının təsdiqlənməsi olub.

Teleqraf.com xəbər verir ki, bəzi ölkələr bu hücumları dəstəkləsə də,ona qarşı çıxanlar da olub.

ABŞ Prezidenti Donald Tramp yazdığı tvit ilə dünyanın gündəmini zəbt etdi. O, Bəşər Əsədi xalqını öldürməkdən zövq alan heyvan adlandırdı və hücum əmrini verdiyini bildirdi.

Rusiya Trampın hücum açıqlamasından sonra ABŞ-ı xəbərdar etdi. Rusiya Prezidenti Vladimir Putin dünyadakı vəziyyətdən narahat olduğunu bildirdi. Ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova isə verdiyi açıqlamada hücumlar zamanı qanuni hökumətin deyil, terrorçuların hədəf göstərilməsinin vacibliyini qeyd etdi.

Bundan sonra, Rusiya millət vəkilləri Putinə müraciət elədi. Müraciətdə bildirilir ki, Suriyaya hücum edən ABŞ raketləri vurulmalıdır. Hücumdan dərhal sonra Putin bu məsələni şərh etdi. O, terrorla mübarizənin ön planda olduğu bir suveren dövlətə qarşı belə bir əməliyyatın təcavüz aktı olduğunu vurğuladı.

İngiltərə Nazirlər Kabineti Trampın hücum çağırışı ilə bağlı təcili toplantı keçirdi. Toplantıda Suriya məsələsində hərəkətə keçməyin vacib olduğu bildirildi və müvafiq qərar qəbul edildi. Suriyanın bombalanmasında Böyük Britaniya ABŞ-a yardım edən ilk ölkədir. Hücumdan sonra açıqlama verən Britaniyanın Baş naziri Tereza Mey Suriyada güc istifadəsindən başqa yolun qalmadığını söylədi.

Fransa Prezidenti Emmanuel Makron da ABŞ-a dəstək verməyin və Suriyada kimyəvi hücumların qarşısının alınmasının vacibliyini bəyan etdi. Bununla ABŞ-a hücumlarda dəstək verən ölkələrin sayı 2-yə çatdı.

Almaniya Kansleri Angela Merkel isə Fransa və Britaniyadan fərqli olaraq, Suriyaya hücumlarda iştirak etməyəcəklərini açıqladı. O bildirdi ki, Almaniya hücumlar zamanı humanitar sahədə bu ölkələrə yardım edə bilər. Merkel hesab edir ki, bu məsələ siyasi yolla həll edilməlidir.

Türkiyədən Suriyaya hərbi müdaxilə ilə bağlı dəqiq cavab yoxdur. Hökumətin sözçüsü Bəkir Bozdağ problemlərin hərbi yolla həllinin olmadığını dedi. Baş nazir Binəli Yıldırımın sözlərinə görə, zaman rəqabət yox, bölgədəki yaraları sarımaq zamanıdır.

Türkiyə XİN sözçüsü Hami Aksoy Ankaranın ABŞ-ın Suriyadakı hücumlara dəstək verib-verməyəcəyi sualına belə cavab verdi: “Kimyəvi hücumlar cavabsız qalmamalıdır. Görək, hadisələr hansı səmtdə inkişaf edəcək”. Hücumdan sonra bəyanat yayan Türkiyə XİN əməliyyatı məmnuniyyətlə qarşıladıqlarını açıqladı.

İtaliya ötən ay keçirilən seçkilərdən sonra baş nazir vəzifəsini müvəqqəti icra edən Paolo Gentiloni ölkəsinin Suriyada hərbi əməliyyatlara müdaxilə etməyəcəyini bildirdi.

Kanada Baş naziri Castin Trudeau da Suriyadakı əməliyyatlarda iştirak etməyəcəklərini açıqladı. Onun sözlərinə görə, diplomatik və siyasi həll səylərini, eləcə də humanitar yardımları davam etdirəcəklər.

Çin Suriyada Rusiya ilə birlikdə Əsəd hökumətinə dəstək verən ölkələrdəndir. Ancaq Pekin ABŞ-ın BMT Təhlükəsiz Şurasına təqdim etdiyi layihəyə veto qoymadı. Çin XİN sözçüsü Genq Şuanq ölkənin hər növ kimyəvi hücumlara qarşı olduğunu bildirdi. O, Şərqi Qutadakı hücumların araşdırılmasının vacibliyini qeyd etdi.

Səudiyyə Ərəbistanı Suriyadakı kimyəvi hücum təqsirkarlarının cəzalandırılmasının vacibliyini vurğuladı. Səudiyyənin vəliəh şahzadəsi Məhəmməd ibn Salman hücumda iştirak edəcəklərini dedi: “Müttəfiqlərimiz tələb etsə, Suriya bombardmanında iştirak edəcəyik”.


Müəllif: Samir İsayev

Oxşar xəbərlər