Cənab Prezident andiçmə mərasimində iqtisadiyyatımızın son 15 ildə uğurlu yol keçdiyi və bundan sonrakı hədəflərlə bağlı məsələlərə toxundu. Təbii ki, ötən illərdə Azərbaycan möhtəşəm iqtisadi islahatlar yolu keçib.
Bunu Teleqraf.com-a açıqlamasında Prezident İlham Əliyevin aprelin 18-də Milli Məclisdə keçirilən andiçmə mərasimindən sonra söylədiyi nitqə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.
O qeyd edib ki, son iki il ərzində iqtisadiyyatın daha dayanıqlı və sürətli inkişafını təmin etmək üçün Azərbaycanda sürətli iqtisadi islahatlar aparılır:
“Cənab Prezidentin çıxışı bu islahatların növbəti illərdə daha da dərinləşdirilməsi, daha da şaxələndirilməsi və daha da təkmilləşdirilərək konkret hədəflərə çatmaq üçün yeni metodlardan istifadə olunacağı ilə bağlı mesajlar idi. Bununla yanaşı, qeyri-neft sektorunun inkişaf etdirilməsi, qeyri-neft sektorunda istehsalla yanaşı dəyər yaradacaq yeni sahələrin, yeni müəssisələrin qurulacağı ilə bağlı dövlət dəstəyinin olacağı da diqqətə çatdırıldı. Bununla yanaşı, neft sektorunun da inkişafı Azərbaycan üçün prioritet sahədir. Çünki iqtisadiyyatımızın 35 faizə yaxınını neft sektoru təşkil edir. Bu il Cənub Qaz Dəhlizinin ilkin mərhələsi tamamilə başa çatacaq və Azərbaycan qazı Türkiyəyə ixrac olunacaq. Azərbaycan qazı 2020-ci ildən də tez Avropa bazarlarına çatdırılacaq. Yəni, Cənub Qaz Dəhlizi layihəsi demək olar ki, tamamlanmaq üzrədir. Əslində, bu layihənin tamamlanması ilə Azərbaycanın karbohidrogen yataqlarından çıxan ehtiyatların dünya bazarlarına çıxarılması üçün bilavasitə ölkəmiz tərəfindən reallaşdırılması tələb olunan bütün infrastruktur layihələrinin inşası başa çatmış sayılır. Bu da Azərbaycanın neft sektorunun öz potensialını istehlakçılara daha sürətli, birbaşa və daha yaxından çatdırmaq imkanı verir. Bu da növbəti illərdə Azərbaycanın sabit maliyyə qaynaqları əldə etməsinə səbəb olacaq. Sabit maliyyə qaynaqları eyni zamanda qeyri-neft sektorunun inkişafı üçün çox mühümdür”.
T.Mirkişili qeyd edib ki, Azərbaycanda turizm sektorunun inkişafı ilə bağlı getdikcə daha aktiv fəaliyyətin həyata keçirilməsi planlaşdırılır:
“Çünki turizm sektorunun inkişafı turistlərin sayının artmasını şərtləndirir. Son 15 ildə bu say 3 dəfəyə yaxın artmaqdadır. Yəni, bu, birbaşa iqtisadiyyat üçün yeni maliyyə qaynaqları, valyutanın daxil olması deməkdir. Bu da müxtəlif sahələrin inkişafına rəvac verir. Bununla yanaşı, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsi ilə bağlı ilkin mərhələnin artıq başa çatdığı, növbəti mərhələdə bu dəhlizlərdən sahibkarların və digər subyektlərin daha sürətli inkişafı üçün əlavə infrastrukturlardan və əlavə alətlərdən istifadə olunacağı bildirildi. Bu bir tərəfdən Şimal-Cənub istiqamətində layihənin tamamilə başa çatması, digər tərəfdən Ələtdə azad iqtisadi zonanın yaradılması nəticəsində xarici investorların daha çox cəlb olunması ilə bağlı verilən mesajlar idi”.
Deputat əlavə edib ki, ilin birinci rübündə Azərbaycanda xarici investisiyaların həcmi 3,5 milyard dolları keçib, amma ölkə prezidenti iqtisadiyyatın cəlbediciliyi və sahibkarlar üçün əlverişliliyini daha da artırmaq üçün müxtəlif sahələrində yeniliklərin, innovasiyaların olacağını elan etdi. Bununla yanaşı, iqtisadiyyatımız böyüdükcə və ixrac bazaları artdıqca Azərbaycan iqtisadi subyektlərinin rəqabət qabiliyyətini artırmaq üçün iqtisadiyyatın bütün sahələrində müasir texnologiya və innovasiyaların tətbiqini qeyd edən cənab prezident bu məsələnin də yaxın gələcəkdə diqqət mərkəzində olacağını söylədi”.
Müsahibimiz daha sonra deyib:
“Atılacaq bütün addımların mərkəzində Azərbaycan vətəndaşlarının rifah halının olduğunu qeyd edən ölkə başçısı bütün görülən tədbirlərin əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdıracağını, maaş və pensiyaların gələcəkdə daha da artırılacağını vurğuladı ki, bu da çox mühüm amildir”.