Serj Sərkisyanın özü ilə eyni soyadı daşıyan Armeni prezident kürsüsünə əyləşdirib baş nazir qismində ölkənin idarəetməsini ələ almasından sonra Ermənistanda daxili siyasi vəziyyət pisləşib. Parlamentdə populist və tənqidi çıxışları ilə tanınan deputat Nikol Paşinyanın rəhbərliyi altında başlayan mitinqlər hər iki Sərkisyanı çətin vəziyyət qarşısında qoyub.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.
O qeyd edib ki, A.Sərkisyan uzun illər Qərbdə çalışmış bir diplomatdır, cəmiyyətdə hörmət qazanmaq və ayırıcı deyil, birləşdirici dövlət başçısı imici yaratmaq istəyir:
“Onun kütləvi etiraz aksiyalarının keçirildiyi yerə gedərək, müxalif liderlə üz-üzə durub danışması da bundan xəbər verir. Prezident həm də vəziyyətin nəzarətdən çıxa biləcəyindən və baş nazirin istefaya getməyə məcbur qalacağından ehtiyatlanır. O indi elə davranmalıdır ki, belə olan halda hakimiyyətə gələcək müxalifət onu vəzifəsindən etməsin. Digər tərəfdən, Armen Sərkisyanın Qərbə bağlı olduğu deyilir, Qərbdə geniş biznes şəbəkəsi var. Qərbin sanksiyaları da onu çəkindərə bilər”.
Z.Əmrəliyevin sözlərinə görə, S.Sərkisyanın narahatlığı daha böyükdür:
“Çünki uçuruma gedən bu avtomobilin sükanı arxasında o əyləşib və baş verənlərə görə birbaşa məsuliyyət daşıyır. Doğrudan da Sərkisyan bu etirazı gözləmirdi. Demək olar ki, bu üsyan ona heç gözləmədiyi yerdən gəldi. Sərkisyanın Paşinyanla görüşü isə tam bir şou idi və açıq şəkildə özünü biabır etdi. Əvvəla, prezident kimi cəsarət edib mitinq keçirilən yerə getmədi, Paşinyanı özünün nəzarətində olan hotelə gətirdi. Sora isə “jurnalistlərin qarşısında necə hər şeyi danışa biləcəyik?” deməklə çox mənasız bir görüntü yaratdı. Görəsən, Sərkisyanın xalqdan gizli nə işi var ki, mediadan belə çəkinirdi? Əslində, Sərkisyan Paşinyanla medianın iştirakı olmadan görüşməklə hansısa təkliflərlə onu öz tərəfinə çəkmək, bu alınmadıqda isə məsələni təhdid yolu ilə həll etmək istəyirdi. Görüşün sonunda baxdıqda adamın “heç gəlməsə bundan yaxşı idi” deməyi gəlir. Sərkisyan müxalifət liderinin qarşısından qorxaq kimi qaçdı və onu açıq-aşkar hədələdi”.
Ermənistanda bir neçə sənət adamının rəsmi addan imtina etdiyini xatırladan şərhçi son mitinqlərin N.Paşinyanı Ermənistan müxalifətinin birləşdirci simasına çevirdiyini vurğulayıb:
“Aleksey Navalının Rusiyada oynadığı rolu indi də Nikol Paşinyan Ermənistanda təkrarlayır”.
Z.Əmrəliyev onu da əlavə edib ki, S.Sərkisyan xalqın əhval-ruhiyyəsini dəyişdirmək üçün “Qarabağ kartı”ndan istifadə edə bilər:
“O, hər zaman olduğu kimi bu dəfə də cəbhə xəttində təxribata əl ataraq bunu Azərbaycanın üzərinə ata, ümumi ab-havanı poza bilər. Müxalifət də ən çox Sərkisyanın bu oyunundan ehtiyat edir. Ancaq Sərkisyanın bu riskə gedəcəyi bir o qədər də inandırıcı görünmür. Çünki o yaxşı bilir ki, cəbhədə daha bir gərginlik onun təcavüzkar ordusu üçün böyük itkilərə səbəb olacaq. 2016-cı ilin aprel döyüşləri bunun əyani sübutudur. Cəbhədə daha bir uğursuzluq isə Sərkisyan hakimiyyətinin sonunu gətirəcək”.