“Ermənistanın Tavuş vilayətinin sakini Karen Petrosyanın ölümü azərbaycanlıların vicdan məsələsidir”.
Bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan “Armnyus” telekanalına müsahibəsində deyib. S.Sarkisyan Rusiyanın Soçi şəhərində Rusiya-Azərbaycan-Ermənistan ölkə başçılarının üçtərəfli görüşündə Azərbaycanda saxlanılmış və dünyasını dəyişən erməni diversantın ölümü məsələsinin qaldırıldığını söyləyib: “Mən Azərbaycan prezidentinə dedim ki, belə insanları öldürmək ayıbdır. O bildirdi: “Biz öldürməmişik”. Onda mən soruşdum, 31 yaşlı gənc oğlan nəyə görə alkoqolun təsiri altında sizin tərəfə keçərək ölüb? Əliyev cavab verdi: “Yəqin qorxub, ölüb”.
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə Teleqraf.com-a açıqlamasında bildirdi ki, Serj Sarkisyanın bu müsahibəsi çox primitiv düşüncənin nümunəsidir: “Onun Azərbaycan Prezidenti cənab İlham Əliyevin adına yazdığı fikirlərin düzgün olmadığı ilk baxışdan aydın olur. Sarkisyan bu cür münasibətlə diqqəti əsas məsələdən – “Ermənistan Azərbaycan torpaqlarının işğalına nə vaxt son qoyacaq” sualına cavabdan yayındırmağa çalışır. Bu gün Ermənistan Petrosyandan başlayaraq Sarkisyan tərəfindən davam etdirilən işğalçılıq siyasətinin Ermənistana vurduğu ziyanın cavabdehliyinin məsuliyyətindən qaçmağa çalışır. Birincisi, Ermənistan diversantının Azərbaycan torpağında nə işi var? Nə səbəbdən Ermənistan tərəfindən vaxtaşırı sadə kəndli adı ilə Azərbaycan torpağına insanlar soxulmağa çalışır? Onlardan biri həddən artıq qoca olur, o birisinin isə sağlamlığında problem olan və eyni zamanda xüsusi hazırlanmış insan olduğu ortaya çıxır. Belə təəssürat yaranır ki, Ermənistan belə nümunələr hazırlamaqla dünya ictimaiyyətində Azərbaycan haqqında mənfi imic formalaşdırmağa və diqqəti əsas məsələdən - Dağlıq Qarabağ problemindən kənara yönəltməyə çalışır”.
A.Mirzəzadənin fikrincə, Karen Petrosyanın da, Dağlıq Qarabağ münaqişəsində həlak olan minlərlə erməni əsgərlərinin də, bu problemə görə normal həyat yaşaya bilməyən milyonlarla Ermənistan vətəndaşının da vicdan məsuliyyətini Sarkisyan və onun kimilər daşıyır: “Məhz Sarkisyan və onun kimilər təkcə Azərbaycan xalqına deyil, öz xalqına da çoxsaylı problemlər yaşadır. Hesab edirəm ki, bu cür cavablar ancaq Sarkisyan düşüncəli Ermənistan cəmiyyətinin bir hissəsini razı sala bilər. Ümumilikdə götürdüksdə isə Sarkisyan özü də hiss etmədən bəsit düşüncəsini, dövlət məsuliyyətinin nə olduğundan xəbərsiz olduğunu ortaya qoymuş oldu”.
Kəmalə