Cənubi Koreya Prezidenti Mun Çje İnlə Şimali Koreya lideri Kim Çen İn arasında keçirilən görüşü istər iki xalq, istərsə də dünya üçün tarixi görüş kimi qiymətləndirmək olar.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib.
O qeyd edib ki, görüşün ən maraqlı məqamı 1950-1953-cü illər Koreya müharibəsindən sonra Şimali Koreya liderinin cənub ərazisinə ilk dəfə səfər etməsidir:
“Tərəflər danışıqlar zamanı şimal və cənubun əlaqələrinin yaxşılaşdırılmasını, sülhü və birləşmənin perspektivlərini müzakirə ediblər. Sonda görüşün yekunlarına dair birgə sənəd imzalanıb. Düşünürəm ki, bütün bu irəliləyişlərdə və Şimali Koreyanın dünyaya inteqrasiya siyasətinə keçməsində Kim Çen İnın prezidentliyi dövründə ilk xarici səfərini martın 25-28-də Çinə etməsi, Pekində Çin Xalq Respublikasının sədri Si Szinpinlə görüşməsi mühüm rol oynayıb. Belə görünür ki, Kim Çen İn Si Szinpinin görüş əsnasında verdiyi məsləhətləri ciddiyə alıb”.
T.Rzayev əlavə edib ki, görüşün baş tutmasında bir neçə önəmli məqam da var:
“Hələ Qış Olimpiya Oyunları zamanı ABŞ Cənubi Koreyanın şimalla danışıqlara başlamasını istəmişdi. Aydın məsələdir ki, Vaşinqton Şimali Koreyanın artan nüvə texnologiyası və ballistik raket sınaqlarından çox narahat idi. Lakin Şimali Koreya liderinin bu narahatlığı aradan qaldırması iki tərəfin görüşünü sürətləndirdi”.
Ekspert Şimali Koreya ilə Cənubi Koreya arasında buzların əriməsində bəlkə də çoxlarının bilmədiyi bir şəxsin rol oynadığını vurğulayıb:
“Bu şəxs Şimali Koreya liderinin bacısı Kim Yo Çjondur. Kim Yo Çjon Şimali Koreyada Kim Çen İndan sonra çox önəmli şəxsdir. Təsadüfü deyil ki, Qış Olimpiya Oyunları zamanı şimali koreyalı idmançıların başında Cənubi Koreyaya məhz Kim Yo Çjon gəlmişdi. Bir məqamı da qeyd edim ki, Şimali Koreya liderinin bacısı Kim Yo Çjon Cənubi Koreya ilə danışıqlar zamanı iki dövlətin birləşdirilməsinin tezləşdirilməsini təklif edib”.
Siyasi şərhçi bu görüşün şimalla cənubu bir-birinə daha da yaxın etdiyini düşünür:
“Şimali Koreya danışıqları bu səviyyədə saxladıqca düşünürəm ki, gələcəkdə bu iki dövləti vahid Koreyada görə bilərik. Şimali Koreya liderinin bacısı Kim Yo Çjonun adını isə önümüzdəki proseslər fonunda hələ çox eşidəcəyimizi düşünürəm”.
Qeyd edək ki, iki Koreya dövlətinin başçıları arasında çoxdan gözlənilən tarixi görüş nəhayət ki, baş tutdu. Cənubi Koreya-KXDR sammiti demilitarizasiya zonasının cənubunda yerləşən Phanmuncom sərhəd məntəqəsində keçirilir. Məlumata görə, Mun Çje İn və Kim Çen İn bir-birlərinin əllərini sıxıb, salamlaşıblar. Liderlər birgə şəkil çəkdirdikdən sonra danışıqlara başlayıblar. Cənubi Koreya və KXDR rəhbərləri Şimal-Cənub münasibətlərinin yaxşılaşdırılmasını, sülh və birləşmənin perspektivlərinə dair məsələləri müzakirə edirlər.
Sonda Koreya Respublikasının Prezidenti Mun Çje İn və Şimali Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen İn birgə Bəyannamə imzalayıblar. Sənəd “Sülh, inkişaf və Koreya yarımadasının birləşməsi haqqında Phanmuncom Bəyannaməsi” adlanır.