15 May 18:04
2 099

ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi və İsrail əsgərlərinin Qəzza zolağındakı etriazçılara atəş açması nəticəsində 50-dən artıq fələstinlinin ölməsi və 2 mindən çoxunun yaralanması Avropa mediasında geniş işıqlandırılıb.

Teleqraf.com Avropa mediasında gedən yazıların başlıqlarını və əsas motivini təqdim edir:

İngiltərə

“Guardian” nəşri Qəzza hadisələri ilə bağlı “Silahsız mülki vətəndaşları öldürməyə son qoyun” ifadəsini işlədib.

“Demokratik bir ölkə əsgərlərinin, demək olar ki, hamısı silahsız olan və təhdid yaratmayan etirazçıları vurub öldürməsi bağışlanmazdır”, - deyə qəzet qeyd edilib.

Nəşr ABŞ-ın səfirliyini Qüdsə köçürməsini belə şərh edib: “Bu, sülh gözləntilərinə ziyan vuran qıcıqlandırıcı addımdır”.

Ölkənin ən çox oxunan qəzetlərindən olan “Daily Mail” isə “Qan gölü” başlığı ilə yazı verib. ABŞ Prezidenti Donald Trampın yeni səfirlik seçiminin insanların ölümünə səbəb olduğu vurğulanıb.

“Sky News” xəbər kanalı özünün internet saytında “Qüdsdə ABŞ səfirliyi açıldığı zaman aralarında körpənin də olduğu 58 nəfər həyatını itirdi” cümləsini önə çıxarıb.

BBC isə bölgədəki hadisələri “2014-cü ildən bu yana ən ölümlü gün və onun ardından Qəzzada gərginlik” başlığı ilə təqdim edib.

Almaniya

“Tageszeitung” qəzeti Qəzzadakı etiraz və ABŞ-ın Qüds səfirliyinin açılışından fotolar paylaşıb. Etirazlarda İsrail əsgərlərinin çoxlu sayda fələstinlini öldürdüyü və yaraladığı qeyd edilib.

“Şiddət ABŞ səfirliyinin açılışını kölkədə qoydu” başlığı ilə yazı dərc edən “Die Welt” qəzeti Qəzza və Qüdsdə baş verənləri işıqlandırıb.

“Frankfurter Rundschau” isə “Qanlı səfirlik” başlığını verib, İsrailin qurulmasının andan 70-ci ildönümündə də bölgədə əmin-amanlığın olmadığını yazıb.

Fransa

“Liberation” qəzeti “Qüds-Qəzza, bir səfirlik və bir qətliam” başlığını verib. Xəbərdə bir tərəfdə təntənəli açılış, digər tərəfdə isə 50-dən artıq ölü və minlərlə yaralının olduğu vurğulanıb. Trampın söylədiyi “Böyük günün” ölümcül gün olduğu qeyd olunub.

“Le Fiqaro” qəzeti də Qəzzadakı qətliama diqqət çəkib. Qəzet ABŞ səfirliyini Qüdsə köçürülməsinin Qəzzadakı hadisələrə səbəb olduğunu qeyd edilib: “İsrail ordusu sərhəddə səfirliyin köçürülməsinə etiraz edən minlərlə fələstinliyə atəş açdı və əllidən çoxunu öldürdü”.

Hollandiya

“De Volkskrant” nəşri “İsrail dövlətinin ildönümündə qan gölü” başlığını işlədib.

Məlumatda İsrailin 70-ci ildönümü və ABŞ səfirliyini Qüdsə köçürüldüyü gündə əsgərlərinin 50-dən çox fələstinlini öldürdüyü vurğulanıb.

NRC qəzeti “Qəzzadakı aksiya qan gölünə çevrildi” başlığından istifadə edib.

“Algemeen Dagblad” qəzetinin “Qüdsə toxunan İsrail-Fələstin probleminin qəlbinə toxunur” başlıqlı xəbərində Qüdsdə şampan partladılarkən, İsrail sərhədində fələstinli etirazçıların öldürüldüyü bildirilib.

İspaniya

“El Pais” qəzeti “İsrail ABŞ-a etiraz edən fələstinliləri qətliam etdi” başlıqlı xəbəri oxucularına çatdırıb.


Müəllif: Ruslan
Загрузка...