16 May 2018 17:47
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:33

Azərbaycan Prezidenti İlham Əliyev mayın 16-da “Naxçıvan Muxtar Respublikasında Culfa-Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Teleqraf.com-un məlumatına görə, sərəncamda bildirilir ki, son illərdə həyata keçirilən sosial-iqtisadi siyasət sayəsində ölkədə yüksək inkişafa nail olunmuş, aparılan islahatlar və genişmiqyaslı infrastruktur layihələri davamlı inkişaf üçün şərait yaratmışdır. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq, avtomobil yollarının tikintisi və yenidən qurulması istiqamətində ardıcıl məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Hazırda respublikanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı mühüm layihələr uğurla icra olunur.

Naxçıvan Muxtar Respublikasında avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması işlərinin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.2-ci yarımbəndində göstərilmiş məbləğin 30,0 (otuz) milyon manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

***

Prezident İlham Əliyev Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Sosial-iqtisadi inkişaf üçün xüsusi əhəmiyyət kəsb edən elektrik enerjisi sistemində yeni qurğuların inşası, ötürücü və paylayıcı şəbəkələrin yaradılması ölkəmizdə innovativ texnologiyaların tətbiqi əsasında daha da təkmilləşdirilir. Son illərdə bu sahədə ayrı-ayrı dövlət proqramları çərçivəsində icra edilən tikinti-quruculuq işləri generasiya potensialını əhəmiyyətli dərəcədə artırmış, ötürücü və paylayıcı infrastrukturu genişləndirmişdir. Ölkə ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında yeni elektrik stansiyalarının istismara verilməsi həyata keçirilən sosial-iqtisadi siyasətin uğurla davam etdirilməsinə zəmin yaradır.

Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədilə Ordubad rayonunda inşa olunan 36 MVt gücündə su elektrik stansiyasının tikintisinin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Gücü 36 MVt olan Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.2-ci yarımbəndində göstərilmiş məbləğin 10,0 (on) milyon manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılsın.

***

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi həyatında özünəməxsus yer tutan, zəngin mədəniyyəti, qədim tarixi və dövlətçilik ənənələri olan Naxçıvan Muxtar Respublikası çox mürəkkəb, lakin parlaq inkişaf yolu keçərək ölkəmizin inkişafında hər zaman əhəmiyyətli rol oynamışdır.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində öz qədimliyini və tarixiliyini qorumaqla bu gün də sürətlə inkişaf edən Naxçıvan Muxtar Respublikasında əsaslı dəyişikliklər baş vermiş, sənaye məhsulunun həcmi 34,4 dəfə, əsas kapitala yönəldilmiş investisiyalar 15,9 dəfə, o cümlədən tikinti quraşdırma işləri 15,2 dəfə artmış, irimiqyaslı infrastruktur layihələri yerinə yetirilmiş, elektrik stansiyaları istismara verilmiş, içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri həyata keçirilmiş, müasir avadanlıqla təchiz edilmiş idman kompleksləri, təhsil və səhiyyə müəssisələri, mədəniyyət və turizm obyektləri inşa edilmiş, yeni yollar çəkilmiş, istehsal müəssisələri yaradılmış, 72 mindən çox yeni iş yeri açılmışdır.

Şəhər və rayon mərkəzlərində, ayrı-ayrı yaşayış məntəqələrində genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüş, istirahət bağları və parklar salınmış, müasir üslublu tikililər, milli arxitekturalı binalar ucaldılmış, tarixi memarlıq abidələri bərpa edilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 10,0 (on) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

***

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası ərazisində meliorativ tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, aqrar sahədə aparılan uğurlu islahatlar nəticəsində bir sıra strateji məhsullara tələbatın yerli istehsal hesabına təmin edilməsi, ölkənin ərzaq təhlükəsizliyində xarici bazardan asılılığın azaldılması, ixracyönümlü məhsulların istehsal həcminin artırılması istiqamətində son illərdə mühüm addımlar atılmışdır. Respublikada müasir tələblərə cavab verən su anbarlarının, nasos stansiyalarının, suvarma kanallarının və digər su təsərrüfatı obyektlərinin tikilməsi, on minlərlə hektar torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi aqrar sektorun dayanıqlı inkişafı üçün zəmin yaratmış, kənd təsərrüfatı bitkiləri və heyvandarlıq məhsulları istehsalının inkişafına xidmət edən aqroparkların və iri kənd təsərrüfatı müəssisələrinin fəaliyyətə başlamasına imkan vermişdir.

2017-ci ildə Naxçıvan Muxtar Respublikasında mövcud potensialdan səmərəli istifadə olunmaqla görülmüş meliorativ tədbirlər nəticəsində 407 hektar sahədə su resurslarından qənaətlə istifadəyə imkan verən müasir suvarma sistemlərinin quraşdırılması başa çatdırılmışdır.

Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Pivot” layihəsi çərçivəsində 1000 hektar əkin sahəsində müasir suvarma (yağışyağdırma) sistemlərinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.2-ci yarımbəndində göstərilmiş məbləğin 5,0 (beş) milyon manatı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.


Müəllif: Teleqraf.com