16 May 2018 19:31
2 323
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aqiyə Naxçıvanlının bu fikirləri reallığı əks etdirir. Cəmiyyət arasında çıxanda çoxlu sayda yetişməmiş valideyn görürük.

Bu sözləri Teleqraf.com-a açıqlamasında jurnalist Jalə Mütəllimova deputat Aqiyə Naxçıvanlının qeyri-rəsmi nikahdan doğulan uşaqların dövlətə təhvil verilməsinə etiraz olaraq söylədiyi fikirlərə münasibət bildirərkən deyib.

Jurnalistin deputatın fikirlərinə görə tənqid olunmasına etiraz edib: “Cəmiyyətdə adamların müəyyən məsələlərlə bağlı aqressiyasını başa düşə bilmirəm. İctimaiyyətin, cəmiyyətin yaxşı inkişafına yönəlmiş fikir deyəndə də, yaramaz mövqe bildirəndə də aqressiv reaksiya verilir. Bu, bizə əsas verir ki, əvvəlcə öz üzərimizdə düşünək. Söhbət mən də daxil olmaqla hamıdan gedir.

Hər şeyə “bundan xoşum gəlmir” demək olmaz. Deputatın söylədiyi ictimai mesaj, təklifdir. Adamları haqsız yerə söydürmək böyük ədalətsizlikdir. Bəzən məktəblərdə görürəm ki, valideynlər özü şəxsiyyət olaraq yetişməyib, amma oğlu-qızı var. Bu adamları maarifləndirmək üçün Aqiyə xanım tərəfindən gözəl fikirlər deyilib. Deyir ki, fərsiz insanlarla, istər qadın, istərsə də kişi olsun, ailə qurmayın, maddi təminatın azdırsa, 6 uşaq niyə doğursan?”

Jalə Mütəllimovanın fikrincə, ailə olmağın eşqdən, sevgidən daha ciddi tərəfləri də var:

“Qadın ərə gəlirsə, hamiləliyin baş tutmamasını bilməyə borcludur. Söhbət kitab oxumaqdan getmir, elementar qaydalar var ki, bu məsələlərdə əziyyət çəkilməməlidir. Qadınlar ərə gedib 5-6 uşaq dünyaya gətirir və haray qoparır ki, özümü yandırıram, uşağa baxa bilmirəm. Dövlət atasızla, anasızla, yoxsa maddi, mənəvi-psixoloji problemlər yaşayan ailələrlə məşğul olsun? Dövlət hamı ilə məşğul olsun?.. Bu, mənə çatmır.

Sən özün-özünlə məşğul deyilsənsə, dövlətin səninlə məşğul olmasının heç bir əhəmiyyəti yoxdur. Dövlət siz ərə gedəndə, ya da evlənəndə normativ qoymur ki, bu qədər doğub-törəyib təhvil verin, biz saxlayaq. Özünüzü adam, insan, şəxsiyyət kimi yetişdirin, sonra ərə gedin, sonra evlənin, sonra uşaq dünyaya gətirin”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, Aqiyə xanım qadın olaraq emosional çıxış edib: “ Bizim birliyin sığınacağında olan qadınların qeyri-nikahdan olan uşaqlarının əksəriyyətinin sənədləri yoxdur. Onlar məhkəməyə rüsumu ödəyə bilmirlər ki, atalıq faktı müəyyən edilsin və uşaqlarına aliment alsınlar.

Fikrimcə, millət vəkili Aqiyə Naxçıvanlının çıxışının mahiyyəti odur ki, qadınlar öz ayaqları üzərində olmalıdır. Çünki bəzi qadınlarda özü işləyib, uşağını vətəndaş kimi formalaşdırmaq düşüncəsi yoxdur. Tərbiyə metodu, davranış səviyyəsi də aşağıdır. Bir insanın şürunda nəyisə dəyişmək üçün uzun müddət lazım olur.

Birliyin sığınacağında qalmaq üçün 3 ay vaxt verilir. Amma onları başa salmaq, reabilitasiya keçmək üçün həmin vaxt azdır. Onlar da 6 ay, 1 il qalırlar. Hesab edirlər ki, burada qalmaq onların haqqıdır və ömrülük qalacaqlar. Bu cür çətinliklər olur.

Bizim reabilitasiya prosesində iştirak edən həmin qadınlarla gündəlik işləyilər və bu, çətin prosesdir. Onlara yol göstərirsən, amma öz bildiklərini edirlər. Bu da səni ağrıdır, əzab verir. Çünki sənin istədiyin və çalışdığın odur ki, onlar qadın olaraq güclü olsun, özü işlərinin öhdəsindən gəlsin və irəli getsin”.

Birliyin sədri qeyd edib ki, erkən nikahdan dünyaya uşaq gətirən qadınların təhsilə meyili olmur: “Onlar ən azından orta məktəbi bitiməlidirlər. Əksəriyyətinin valideynləri onların təhsilini yarıda qoyur, məktəbdən çıxarırlar.

Təhsil barədə məlumat verəndə belə qadınların çox az qismində təhsilə maraq oyanır. Küçüyə təzə doğulan uşaqların atıldığını görən zaman hər kəs əsəbiləşir. Aqiyə xanım da bu cür problemli qadınları görür və çıxışının emosionallığı da ondan irəli gəlib”.

Sosioloq Cavid İmamoğlu bildirib ki, məsələyə insan hüquqları kontekstindən baxdıqda, bütün qadınlara eyni münasibət göstərilməldir: “İstər rəsmi, istərsə də qeyri-rəsmi nikahdan uşaq dünyaya gətirən qadınlara münasibət eyni olmalıdır. Heç bir dövlət qurumu nikahdan kənar uşaq dünyaya gətirən ananı incitməməlidir.

Çünki burada insan hüququndan söhbət gedir və kiminsə onların atdığı addımları sorğulamaq ixtiyarı yoxdur. Onlar hərəkətlərinə görə sadəcə məhkəmədə cavab verə bilərlər. Mövcud xidmətlər nədirsə, onları nikahdan kənar münasibətə girən xanımlardan əsirgəməməliyik”.

Cavid İmamoğlu təəssüflə qeyd edib ki, Azərbaycanda ailə planlaşdırılması, hamiləlikdən qorunma barədə məlumatlılıq səviyyəsi çox aşağıdır: “Nəticədə bəzən rəsmi və qeyri-rəsmi nikahı olan ailələr üçün arzuolunmaz uşaqlar dünyaya gəlir. Mənim fikrimcə, o uşaqların dünyaya gəlməsi yaxşıdır. Nə yaxşı ki, qadınlar onları abort etdirmirlər.

Azərbaycanda abortların sayı olduqca çoxdur. Ölkəmizdə abortlar ailə planlaşdırılması metodu kimi istifadə olunur və uşaqların sayına müdaxilə edilir. Dünyanın inkişaf etmiş və inkişafda olan ölkələrində münasibətdə olan şəxslər hamiləlikdən qorunurlar. Bunun üçün onların məlumatları var. Biz dünyaya uşaq gətirən xanımları tənqid yox, onlara təşəkkür etməliyik”.

Sosioloq qeyd edib ki, dünyaya gətirilən hər bir uşaq valideyn və dövlət tərəfindən qorunmaldır: “Dövlət valideyni təşviq etməlidir ki, uşağın qayğısına qalsın. Dünya praktikasında ailələrə dəstək layihələri var. Nikahdan kənar uşaq dünyaya gətirən ananın tək qalma ehtimalı nəzərə alınır. Dövlətin sosial müdafiəsinə ayrılan xərclər bu cür ana və uşaqların ehtiyacına sərf edilir.

Biz dövlət, vətəndaş cəmiyyəti olaraq hər bir hadisəyə hazır olmalıyır. Kiminsə problemsiz ailə münasibəti qura biləcəyinə qarantıya vermək mümkün deyil. İnsan varsa, problemlər də olmaldır. Biz insanları qınamamalıyıq. Onların problemlərinə dəstək olmalıyıq”.

Qeyd edək ki, 2012-2016-cı illər üzrə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 127 min 912 olub. Son 5 ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı isə belədir: hər iki valideynin ərizələrinə əsasən Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində qeydə alınmış uşaqların sayı 2012-2016-cı illər üzrə 82 min 338 olub. Bu, rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların 64.4 faizini təşkil edir.

Tək ananın ərizəsinə əsasən , Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində qeydə alınmış uşaqların sayı 2012-2016-cı illər üzrə isə 45 min 574 olub. Bu, bütövlükdə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların 35.6 faizini təşkil edir.

Xatırladaq ki, Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin sədri Aqiyə Naxçıvanlı dünən komitənin iclasında boşanmaların sayının artmasına diqqət çəkərək burada təhsilin rolunun olduğunu vurğulayıb: “Qadınlar komitəyə müraciət edirlər, dinləyəndə, görürsən ki, bunun savadı yoxdur. Sual verirsən ki, necə ailə qurmusan? Deyir, valideynlərin razılığı ilə olub. Deyirəm, bəs ailə qurduğun şəxs qonşun olubsa, əvvəlcədən onun necə birisi olduğunu bilmirdin?

Ailə qurmaq, sonradan dağıtmaq o qədər sadələşib ki… Deyirəm ki, ilk gündən döyülmüsənsə, söyülmüsənsə, niyə üç uşaq dünyaya gətirmisən? Deyir ki, uşaqları siz götürün, saxlayın. Uşaqlara dövlətin baxmasını tələb edir. Dövlət sifariş vermişdi ki, üç uşaq dünyaya gətirəsən?”

Onun bu fikirləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb, aztəminatlı ailələri aşağılamaq kimi yozulub.


Müəllif: Nərgiz, İlhamə