Bu il yağıntının olmaması ilə əlaqədar Azərbaycanın bəzi çaylarının məcralarında quruma prosesi müşahidə edilir
Bunu Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
A.Verdiyev deyib ki, bu ilin iyul ayında ölkə ərazisində, əsasən də Böyük Qafqazın cənub yamacına - Oğuz, Qəbələ, İsmayıllı və Şamaxıya düşən yağıntının miqdarı digər regionlarla müqayisədə çox az və eyni zamanda, normadan aşağı olub.
Ancaq digər bölgələrə-Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Şəkiyə düşən yağıntıların miqdarı Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı ilə müqayisədə çox olub.
A.Verdiyev bildirib ki, çaylar əsasən, qar və yağış hesabına qidalanır. Bu il bunların az olması ilə əlaqədar respublika ərzisindəki çaylarda sululuq normadan aşağı olub. Eyni zamanda, bu il havalar isti keçdiyindən, güclü buxarlanma prosesinin baş verməsi də çaylarda sululuqun azalmasına təsir göstərir.
Baş hidroloq qeyd edib ki, çayların yuxarı mənbələrində su olsa da, aşağı hissələrində sadalanan amillərlə əlaqədar quruma baş verir: "İyulda Qəbələ, İsmayıllı bölgəsindən axan çaylarda suyun səviyyəsi kəskin aşağı düşmüşdü. Hətta bəzi çaylarda quruma prosesi müşahidə olunub. Əvvəlki illərə baxdıqda görmək olur ki, bu, qeyri-adi hal deyil. Əvvəlki illərdə də belə proses müşahidə edilib".
A.Verdiyev bildirib ki, 1996, 2000, 2005, 2010-cu illərdə də çaylarda bu cür hadisə qeydə alınıb.
Baş hidroloqun sözlərinə görə, əgər intensiv leysan yağışlar gözlənilərsə, suyu azalan və ya quruyan çaylardan sel keçmə ehtimalı var.