Akif Nağı: “İstəyirlər zorla onların qollarından tutaq, bir təpik də vurub deyək ki, rədd olun burdan”
“ATƏT-in Minsk Qrupunun həmsədrləri ölkəyə buraxılmamalıdır. Onların ölkəyə girişinə qadağa qoyulmalıdır, fəaliyyətləri dayandırılmalıdır”.
Bunu Teleqraf.com-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.
Həmsədrlərin növbəti səfərinə münasibət bildirən A.Nağı deyib ki, QAT yaxın vaxtlarda həmsədrlərin ölkəyə buraxılmaması ilə bağlı konkret addımlar atacaq: “Bununla bağlı konkret hərəkətlərimiz olacaq. Bu bizim onların fəaliyyətsizliyinə etirazımız olacaq. Hazırda müzakirəmiz gedir, yəqin ki, vaxt yaxınlaşdıqca etirazımızın forması da müəyyənləşəcək. Biz onlarla partizan müharibəsinə başlamayacağıq ki? Hər halda bunlar beynəlxalq təşkilatın nümayəndələridir, beynəlxalq missiyadır. Ən azı öz mövqeyimizi ortaya qoyacağıq. Bundan əvvəl də bu cür aksiyalarımız olub. Onları hava limanında – VİP zalın qarşısında qarşılamışıq. Aksiya keçirmişik ki, qayıdın geri. Yəni, dəfələrlə bu cür aksiyalarımız olub. Gecə, gündüz nə vaxt gəliblər çıxmışıq onların qarşısına”.
A.Nağı bildirib ki, həmsədrlər və onların təmsil etdikləri dövlətlər sadəcə olaraq insanların etirazını başa düşmək istəmirlər: “Özləri Avropa dəyərlərini, demokratiya prinsiplərini ortaya qoyur və deyirlər ki, ona əməl olunmalıdır. Əslində isə özləri xalqdan gələn etiraza məhəl qoymurlar. Dəfələrlə biz onların mətbuat konfransı keçirdikləri zallara daxil olmuşuq. Demişik ki, siz Azərbaycanın başını aldadırsız, cəmiyyətə yalan mesajlar verirsiz, təcili Bakını tərk edin. Amma başa düşmək istəmirlər. Onlar bizi daha kəskin metodlara əl atmağa məcbur edirlər. İstəyirlər zorla onların qollarından tutaq, bir təpik də vurub deyək ki, rədd olub gedin burdan”.
Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik həmsədrlərin yaxın vaxtlarda bölgəyə səfər etmək niyyətində olduqlarını bildirib. Bununla belə, o qeyd edib ki, hələlik səfərin tarixi müəyyənləşdirilməyib.
Səxavət