5 İyun 2018 10:39
3 626
12 Punto 14 Punto 16 Punto 18 Punto

1992-ci ildə Daxili İşlər Nazirliyinin Astarada keçirdiyi əməliyyatla bağlı bir neçə məsələyə aydınlıq gətirmək istəyirəm. Bundan əvvəl də əməliyyat ətrafında İranın təsirində olan qüvvələr söz-söhbət yaradıb, Əbülfəz Elçibəyə və onun hakimiyyətinə kölgə salmağa çalışıb.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Elçibəy hökumətində daxili işlər naziri vəzifəsini tutmuş İsgəndər Həmidov deyib.

Sabiq nazirin sözlərinə görə, İranın təsirində olan qüvvələr iddia edir ki, DİN-in Astarada keçirdiyi əməliyyat Əbülfəz Elçibəyin göstərişi ilə olub və qisas məqsədi daşıyıb:

“Guya buna Elçibəy həbsdə olduğu dövrdə həmin şəxslə aralarında baş vermiş narazılıq buna səbəb olub. Qəti şəkildə bildirirəm ki, bu əməliyyat barədə Əbülfəz Elçibəyin xüsusi göstərişi olmayıb. O zamanlar DİN-ə məlumat daxil olub ki, bölgədə İran tərəfindən himayə edilən xüsusi cinayətkar dəstə ortaya çıxıb. Bu qrup bölgədə cinayətkar əməllər - soyğun, girov götürmə, qəsdən adam öldürmə və bir çox əməllər törədib. Hətta həmin bölgədə yaşayanlar bilirlər ki, Məkkə ziyarətindən qayıdan hacılar Astarada bu quldur banda tərəfindən soyulub. Bunun nəticəsində əhali arasında böyük təşviş yaranıb. Törədilən hadisələrlə bağlı polis idarəsi DİN-ə müraciət edərək əlavə kömək istəmişdi. Həmin əməliyyat prokurorluğun sanksiyası ilə Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğu tərəfindən birgə həyata keçirilib.

Əməliyyat zamanı Daxili İşlər Nazirliyinin əməkdaşlarına müqavimət göstərilib, atəş açılıb. Bu atəş nəticəsində Tahir Həsənov adlı DİN əməkdaşı yaralanıb. Bundan sonra isə həmin cinayətkar dəstə zərərsizləşdirilib. Baş verən hadisə zamanı həmin evdə bir nəfər İran İslam Respublikasının vətəndaşı da olub. Qeyd edim ki, evə baxış zamanı külli miqdarda narkotik də aşkar olunmuşdu.
Həmçinin qeyd etmək istəyirəm ki, bu əməliyyat keçirilən zaman Əbülfəz Elçibəy prezident yox, AXC-nin sədri idi. Yəni hələ prezident kürsüsünə əyləşməmişdi”.


Müəllif: Cavad

Oxşar xəbərlər