Ölkə regionlarında vəkillik institutu ilə bağlı qurumların yaradılması istiqamətində işlər görülür.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov “Vəkilliyin elektron məhkəmə informasiya sisteminə inteqrasiyası” mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, ölkə başçısının sərəncamına əsasən, regional məhkəmələrin fəaliyət göstərdiyi 5 bölmədə regional bölmələrin yaradılması nəzərdə tutulur: "Artıq bu istiqamətdə işlər davam etdirilir. Regionlarda vəkillik institutunun fəaliyyəti ilə bağlı qurumlar yaradılacaq".
Anar Bağırov həmçinin bildirib ki, dövlət hesabına hüquqi yardımın məbləği 3 dəfə artırılıb, bu, vəkilləri narahat edən əsas məqamlardandır: "Dövlət hesabına hüquqi yardımın məbləği əvvəllər az idi. Lakin Nazirlər Kabinetinin qərarı ilə bu məbləğ 3 dəfə artırıldı. Bu da təbii ki, vəkillər üçün müsbət dəyişiklikdir. Bizim əsas məqsədimiz vəkillik institutunun inkişaf etdirilməsidir. Çalışacayıq ki, vəkillik institutunun inkişafına mane olan problemlər aradan qaldırılsın".
Kollegiya sədrinin sözlərinə görə, vəkillərin peşə bayramı keçiriləcək. O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Andlı Vəkillər Palatasının 30 iyul 1919-cu ildə fəaliyyətə başladığını qeyd edib: "Biz bu məsələ ilə bağlı bir sıra arxiv məlumatları incələmişik. Bu, vəkillər üçün olduqca vacibdir məqamdır. Hər bir vəkilin ən böyük arzularından biri peşə bayramının yüksək səviyyədə qeyd edilməsidir. Ümid edirəm ki, gələn il vəkillərin peşə bayramını, eləcə də Azərbaycanda vəkillik institutunun yaradılmasının 100 illiyini qeyd edəcəyik".