Son illər Ermənistan Azərbaycanın ayrı-ayrı xarici ölkələrdən hərbi texnikalar və silah almasına qarşı aqressiv münasibət sərgiləyir ki, bu da başadüşüləndir. Çünki Azərbaycandan fərqli olaraq Ermənistan müstəqil şəkildə başqa bir dövlətdən silah almaq ixtiyarında deyil. Heç İrəvanın buna maddi imkanları da yetməz.
Bunu Teleqraf.com-a hərbi ekspert Ramil Məmmədli deyib.
Ekspert qeyd edib ki, Azərbaycan bir çox ölkə ilə müdafiə sənayesi sahəsində həm əməkdaşlıq edir, həm də Müdafiə Sənayesi Nazirliyi həmin ölkələrlə birgə layihələr həyata keçirir:
“Azərbaycan həmişə bununla bağlı həyata keçirdiyi fəaliyyətləri açıqlayır. Bundan başqa, BMT-nin Silahların Reyestri Xidməti də hər ilə digər ölkələr yanaşı Azərbaycanın da, hansısa ölkələrdən silah alışı və satışında dair fəaliyyətlərini açıqlayır. Çünki həmin hesabatlar bu xidmətə təqdim edilir. Əgər söhbət sırf Slovakiyadan gedirsə və Azərbaycan bu ölkədən silah alırsa, bu ancaq razılaşdırılmış formada, yəni, qanuni şəkildə ola bilər. Azərbaycan təkcə Slovakiya ilə yox, həmçinin, Çin, Avropa dövlətləri, keçmiş Sovet respublikaları və digər ölkələrlə də, Silahlı Qüvvələrin arsenalının gücləndirilməsi üçün əməkdaşlıq edir. Yəni, həmin ölkələrin içində Slovakiyanın olması təəccüblə qarşılanmamlıdır.
Sadəcə olaraq, Ermənistan öz cinayətlərini və işğalçı əməllərini gizlətmək üçün Azərbaycanı dünyaya “militarist” dövlət kimi təqdim etmək istəyir. Ermənistanın bu təbliğatı heç bir nəticə verməyəcək, çünki Azərbaycan bu fəaliyyətini qanuni şəkildə həyata keçirir və davam etdirəcək. Birincə dəfə deyil ki, Ermənistan belə həyasızlıq edir. Bir dəfə də, Azərbaycanın Çexiyadan aldığı artilleriya qurğuları ilə bağlı hay-həşir qoparmışdı. Hətta, Ermənistan Çexiyaya nota vermişdi. Lakin Ermənistanın atdığı addımların hər biri nəticəsiz qaldı. Ermənistanın hansı addımları atmasından asılı olmayaraq, Azərbaycan bu siyasətini davam etdirəcək”.
Azərbaycan Rusiyadan silah aldığını deyən Ramil Məmmədli qeyd edib ki, Ermənistan buna görə, Moskvaya etiraz edə bilmir: “Çünki Rusiyadan qorxur. Digər yandan, Ermənistandan fərqli olaraq, Azərbaycan aldığı silahların pulunu verir və silah almağa pulu var. Ermənistan isə dilənçi həyatı yaşayır. Onun Azərbaycanın öz Silahlı Qüvvələrini gücləndirməsinə yönəlik qıcıq və narahatlığı da buradan irəli gəlir”.
Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanın Slovakiyadan silah almasında dair açıqlama verib. Açıqlamada Ermənistanın Slovakiyadakı səfirinin bununla bağlı araşdırmaya başladığı bildirilib.