Balaş Qasımovun İTV rəhbərliyinə gətirilməsi indiki solğun televiziya mühitimizdə müsbət hadisədir.
Teleqraf.com xəbər verir ki, bu sözləri tele-tənqidçi, filologiya elmləri doktoru Qulu Məhərrəmli Balaş Qasımovun İctimai Televiziya və Radio Yayımları Şirkətinə sədr seçilməsinə münasibət bildirərkən deyib.
Onun fikrincə, “Çto, qde, koqda”, “Breyn rinq” və başqa baxımlı layihələrin ekrana daşıyıcısı kimi tanınmış Balaş Qasımov intellektual, işgüzar və bacarıqlıdır:
"Adətən, prodakşn studiyalarında belə ciddi layihələri reallaşdıran insanlar TV istehsalını və komanda işini yaxşı mənimsəyir, adamları yaxşı tanıyır, geniş əlaqələri olur, özlərini diqqətli menecer, rəhbər və gözəl prodüser kimi ifadə edə bilirlər. Balaş Qasımov bəlli sferada bu peşəkar keyfiyyətlərə yiyələnmiş şəxs kimi qəbul edilir. Biz də məhz bu gərəkli keyfiyyətlərinə görə Balaş Qasımovun ictimai televiziyanı mənəvi-əxlaqi və yaradıcılıq böhranından çıxara biləcəyinə ümid edirik”.
Qulu Məhərrəmli qeyd edib ki, Azərbaycan cəmiyyətinin irəliləyə bilməsi üçün savadlı, ləyaqətli və peşəkar adamların çalışdığı dürüst, maarifləndirici və plüralist TV-yə ehtiyac var.