14 Avqust 2014 11:41
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bəziləri xəyanətkar, bəziləri isə zəif iradəli olan belələri nəhayət ki, qanun qarşısında cavab verəcəklər”

Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bir çox beynəlxalq təşkilatların Azərbaycanda tanınmış hüquq müdafiəçiləri Leyla Yunus, İntiqam Əliyev və digərlərinin həbslərinə reaksiyalarına cavab verib.

Ə. Hüseynli APA-ya açıqlamasında bildirib ki, əslində onları “tanınmış” edən elə həmin beynəlxalq təşkilatlardır: “O təşkilatlar ki, qeyri-şəffaf yollarla onlara qrantlar ayırıb, müxtəlif növlü, o cümlədən Azərbaycan əleyhinə fəaliyyətə yönəldiblər. Bəziləri xəyanətkar, bəziləri isə zəif iradəli olan belələri nəhayət ki, qanun qarşısında cavab verəcəklər. Onlar necə hüquq müdafiəçiləridirlər ki, heç özlərini müdafiə edə bilmirlər? Təəssüf ki, Qərbin bir sıra dairələri, bəzən də xüsusi xidmət orqanları tərəfindən idarə olunan beynəlxalq fondlar və QHT-lər təkcə Azərbaycanda yox, digər ölkələrdə də bu cür qanunsuz fəaliyyətlə məşğuldur. Belə təşkilatlardan Ermənistanın işğalı nəticəsində azərbaycanlıların pozulmuş hüquqlarının müdafiəsini gözləmək, buna çağırışlar etmək əbəsdir”.

Komitə sədri Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın “siyasi məhbuslarla” bağlı məsələlərin müzakirəsi üçün hökumət və QHT-lərdən ibarət işçi qrupunun fəaliyyətinin bərpa olunmasını xahiş etməsinə də aydınlıq gətirib: “Əgər ümumi siyasi qərar olarsa, bunu etmək mümkündür. Bununla yanaşı, milli və beynəlxalq QHT-lər, o cümlədən beynəlxalq təşkilatlar milli məhkəmə-hüquq sisteminin qərarlarına hörmətlə yanaşmalıdırlar. Biz hüquqi və cinayət təqibi problemlərinin hüquqi mexanizmlər ilə həll olunmasının vacibliyini qəbul etməliyik, bu cür məsələləri uzun-uzadı siyasi diskussiyalara çevirmək lazım deyil”.


Müəllif: