Bu gün Eskişəhərin Seyidqazi rayonunda (Türkiyə) Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) 1340 km-lik Faza-0 hissəsinin açılış mərasimi keçiriləcək.
Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, yüksək vəzifəli şəxslər iştirak edəcəklər.
Bu gün açılış mərasiminin keçiriləcəyi Eskişəhərin Seyidqazi ərazisində TANAP-ın qaz çıxış nöqtəsi, kompressor və ölçmə stansiyalarından biri yerləşir. TANAP-la nəql olunan bu ərazidənqaz daxili qaz şəbəkəsinə qoşulacaq və Türkiyə bazarına çatdırılacaq. Türkiyədə qazın satışını BOTAŞ şirkəti həyata keçirəcək.
3 500 km-lik dəhlizin tərkib hissəsi
TANAP ümumi investisiya dəyəri 40 mlrd. ABŞ dolları məbləğində qiymətləndirilən, uzunluğu 3 500 km-dən artıq olan Cənub Qaz Dəhlizi layihəsinin əsas komponentlərindən biridir. Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. TANAP-la yanaşı, “Şahdəniz-2” layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir. Bu il mayın 29-da Səngəçalda Cənub Qaz Dəhlizinin açılış mərasimi keçirilib. Beləliklə, Dəhlizə daxil olan ilk hissə istismara verilib,TANAP-la dəhlizin növbəti mərhələsi istismara daxil olmuş olacaq.
"Azərbaycan Türkiyə qardaşlığının Anadoluya atılan imzası"
TANAP Azərbaycan və Türkiyə dövlətlərinin birgə səyləri ilə həyata keçirilən strateji əhəmiyyətli layihə olaraq qiymətləndilir.
TANAP ilə bağlı ilk addımlar 2011-ci ilin sonlarında atılıb. 2011-ci il oktyabrın 25-də "Azərbaycan və Türkiyə arasında təbii qazın Türkiyəyə satışı və Azərbaycandan gələn qazın Türkiyə ərazisi vasitəsi ilə tranziti haqqında və təbii qazın Türkiyə ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” Saziş imzalanıb. TANAP layihəsinin həyata keçirilməsi 2011-ci il noyabrın 17-də İstanbulda keçirilən III Qara dəniz enerji və iqtisadi forumunda elan olunub. Həmin il dekabrın 26-da isə boru kəmərinin tikintisi və boru kəmərinin idarə edilməsi üçün konsorsimun yaradılması üçün Türkiyə və Azərbaycan arasında Memorandum imzalanıb. TANAP-la bağlı Azərbaycan və Türkiyə arasında Hökumətlərarası müqavilə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb.
TANAP-ın təməli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Geoge Margvelaşvilinin iştirakı ilə 17 mart 2015-ci ildə Qarsın Səlim rayonunda qoyulub.
Türkiyədəki ən uzun təbii qaz boru kəməri
TANAP Türkiyənin Gürcüstanla sərhəddində yerləşən Ardahan şəhərinin Posof rayonunun Türkgözü kəndindən başlayır və Ardahan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşhane, Giresun, Sivas, Yozqat, Kırşehir, Kırıkkale, Ankara, Eskişəhər, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Təkirdağ və Ədirnə olmaqla Türkiyənin 20 şəhərindən keçir. Boru xətti Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdiriləcək.TANAP-ın Eskişəhərdəki çıxış nöqtəsi ilə yanaşı, Trakya bölgəsində (Gelibolu) də yerli təbii qaz şəbəkəsinə qoşulmaq üçün çıxış nöqtəsi olacaq.
Ümumi uzunluğu 1850 km olan TANAP Türkiyə ərazisində indiyədək həyata keçirilən ən uzun təbii qaz boru kəməri hesab olunur. TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhəddi-Eskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1340 km təşkil edir. Avropaya qaz veriləcək Faza-1 adlandırılan hissənin (Eskişəhər-Ədirnə -Avropaya qədər olan hissə) isə diametri 48 düym, uzunluğu 476 km-dir. Bundan başqa, TANAP-ın ümumi uzunluğu 35,2 km təşkil edən 36 düymlük iki qoşa xətti Mərmərə dənizinin dibi ilə Dardanel boğazından keçir.
TANAP-ın ən yüksək hissəsi Ərzincanda Qızıldağ bölgəsində (2 760 m), ən dərin hissəsi isə Mərmərə dənizdə (-65 m) yerləşir.
TANAP-ın Faza-0 hissəsinin tikintisi 2015-ci il mayın 18-də başlayıb. Bu hissənin tikinitisi mexaniki olaraq 2017-ci il dekabrın 25-də yekunlaşıb, 2018-ci ilin yanvar ayından sınaq-sazlama işlərinə başlanılıb. İlk qaynaq işlərinə başlanıldığı tarixdən 1340 km hissə 887 günə tamamlanıb.
Faza-1-in tikinitisinə 2016-cı il mayın 20-də başlanıb. Hazırda bu hissənin inşası davam etdirilir. Faza-1 2019-cu ildə Avropa üçün qazı qəbul etməyə hazır olacaq.
TANAP-la ötürülən qazın həcmi hissə-hissə artırılacaq
Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP-ın ilkin illik ötürücülük gücü 16 mlrd. kubmetr təşkil edir. Bu həcmin 6 mlrd. kubmetri Türkiyədə istifadə olunacaq, 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək.
TANAP istismara verilməklə ilk il Türkiyəyə 2 mlrd. kubmetr, növbəti il 4 mlrd. kubmetr qaz verilməsi nəzərdə tutulur. 2021-ci ilin iyun ayının sonundan isə Türkiyə üçün bu həcm 6 mlrd. kubmetrə çatdırılacaq.
Kəmərinin ötürücülük gücünün əlavə sərmayələrlə əvvəlcə 24 mlrd. kubmetrə, sonra isə 31 mlrd. kubmetrə çıxarılması planlaşdırılır. Bunun üçün isə əlavə kompressor stansiyaları inşa olunmalıdır.
Hazırda TANAP-ın biri Ardahanın Damal ərazisində və digəri isə yuxarıda qeyd olunduğu kimi, Eskişəhərin Seyidqazi ərazisində yerləşən iki kompessor stansiyası var. TANAP-ın ötürücülüyünün maksimal nəzərdə tutulan 31 mlrd. kubmetr layihə gücünə çatdırıldıqda kompressor stansiyalarının sayı 7 olacaq.
Kəmərin inşasında Azərbaycan şirkəti də iştirak edib
Bu gün istifadəyə veriləcək Faza-0 hissəsinin inşası 3 hissəyə bölünməklə inşa olunub. Faza-0 hissəsinin inşasını "Fernas İnşaat A.Ş", "Sicim-Yüksel-Akkord" ortaq şirkətlər və "Tekfen İnşaat və Tesisat A.Ş" şirkətləri həyata keçirib.
TANAP-ın inşasında istifadə olunan boruların 80%-i Türkiyədə, 20%-i isə Çində istehsal olunub.
TANAP-ın hissədarları
TANAP layihəsində “Cənub Qaz Dəhlizi” QSC 51%, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” 7%, BOTAŞ 30%, BP 12% paya malikdir. “SOCAR Turkey Enerji” bu il martın sonunda TANAP-ın səhmdarları arasına qoşulub. Şirkət “Cənub Qaz Dəhlizi” QSC-dən pay alıb. QSC-nin səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur.
TANAP-da 3,8 mlrd. dollarlıq qənaət
Hazırda TANAP-ın dəyəri 8 mlrd. ABŞ dolları məbləğində qiymətləndirilir. Lakin layihənin ilkin dəyəri 11,8 mlrd. dollar hesablanırdı. Beləliklə, xərclərə 32%, yaxud da 3,8 mlrd. dollarlıq qənaət olunub. TANAP rəsmiləri bu qənaəti podratçılarla müqavilələr imzalanan zaman dünya bazarında neft və poladın qiymətlərinin düşməsi, həmçinin bir çox materialın qiymətinin bununla bağlı olaraq enməsi ilə əlaqələndirirlər. TANAP üçün imzalanan müqavilələrin dəyəri 5 mlrd. dollar təşkil edir.
Bu ilin aprel ayının sonuna qədər TANAP-a çəkilən xərclərin həcmi 5,4 mlrd. dollar olub. TANAP-ın səhmdarları Beynəlxalq Maliyyə İnstitutlarından 3,75 mlrd.dollar kredit cəlb ediblər.