Şimali Koreya dünyada legitim və de-yure monarxiya olmayan, amma hakimiyyətin de-fakto atadan oğula keçdiyi nadir ölkələrdən biridir.
Teleqraf.com xəbər verir ki, bunu Real Partiyasının icraçı katibi Natiq Cəfərli deyib.
Partiya yetkilisi ABŞ və Şimali Koreya liderləri arasında baş tutmuş tarixi görüşün böhranın həll prosesinə təkan verəcəyini düşünür:
“Şimali Koreya marksist dinastiyasının son Kimi 8 il İsveçrədə oxuyub, 3 dil bilir, 2011-ci ildə atası öləndə 27 yaşında babasından qalma kommunist taxtına çıxdı. Hakimiyyətinin ilk 5 ilində 41 yüksək vəzifəli generalı, hərbçini öldürdü, öz əmisini topa qoyub atdı, öz ətrafını babasından, atasından qalma köhnə adamlardan təmizlədi.
2016-cı ildə Dövlət Şurası təsis edib, bütün səlahiyyətləri orada cəmləyib Şuranın rəhbəri oldu. Artıq həm ordu, həm hökumət, həm parlament tam onun nəzarətinə keçdi. Sonra isə sağ qalmaq, böyük ölkələrin diqqətini cəlb etmək üçün raketlərini əlinə alıb dünyanı təhdid etmək yolu ilə öz şərtləri çərçivəsində anlaşma imzalamağa qərar verdi. Buna nail olur, olmaq üzrədir”.
Natiq Cəfərli qeyd edib ki, növbəti addım ABŞ və Yaponiyanın maliyyə, hərbi və siyasi dəstəyi ilə dünyaya açılmaq, sonra da Koreya yarmadasını birləşdirmək olacaq: “Bu proses də 5-10 il çəkəcək, Şimali Koreya cəmiyyətini dəyişikliklərə hazırlamaq lazım gələcək. Mən “sui-qəsd nəzəriyyəsi”nə qarşı olsam da, 8 il İsveçrədə Kimlə Qərbin işlədiyinə inanıram, bilirdilər ki, taxtın sahibi bu oğlan olacaq, işləməsələr zatən qəribə olardı. Dünya daha bir köklü problemi həll etmək üzrədir, çox güman ki, sülh üzrə növbəti “Nobel” mükafatını da Şimali və Cənubi Koreya liderləri alacaq. Tramp isə artıq tarixə düşdü”.