Trans-Anadolu Təbii Qaz Kəmərinin (TANAP) reallaşması Azərbaycanın bu bölgədə geosiyasi xəritənin dəyişməsində mühüm rol oynadığını bir daha təsdiqlədi.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Arzu Nağıyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan bölgədə çox mühüm aktorlardan birinə çevrilir:
”1850 kilometrə yaxın uzunluğu olan Cənub Qaz Dəhlizinin 4 böyük layihəsindən biri olan TANAP sonradan TAP kəməri vasitəsilə Adriatik dənizinə çıxmaqla Xəzər qazını Avropaya çatdıracaq. Bunun bir sıra mühüm əhəmiyyəti var. Cənab Prezidentin qeyd etdiyi kimi əsas üç məqam nəzərdən keçirilməlidir. Bunlardan biri dövlətin təhlükəsizliyini təmin etmək atılan iqtisadi addımlardır. İkincisi, Azərbaycan vətəndaşlarının rifahı, üçüncüsü təbii ki, bizim suverenliyimizin, müstəqilliyimizin daha da möhkəmləndirilməsidir”.
A.Nağıyev qeyd edib ki, əsas məsələlərdən biri də TANAP-a yatırılan investisiyanın onun inşasının başa çatmasından sonra deyil, bu vəsaitin inşaat davam edərkən mərhələ-mərhələ Azərbaycana qayıtmasından ibarətdir:
“TANAP bu gün təkcə Azərbaycan, Türkiyə və Gürcüstan, yaxud digər ölkələr üçün əhəmiyyətli deyil. Eyni zamanda digər oyunçular, Xəzəryanı ölkələr, o cümlədən Türkmənistan üçün də çox mühüm əhəmiyyət kəsb edir. Məsələn, türkmən qazının ixracı ilə bağlı əsas məsələlər də bu gün gündəlikdə dayanır. Bu layihə vasitəsilə türkmən qazının Avropaya çıxarılması Azərbaycanın rolunu vacib bir aktor kimi gündəmə gətirir. Bütün bunları nəzərə alaraq deməliyik ki, əgər əvvəllər Avropanın və dünyanın enerji təhlükəsizliyinə təhdidlərin qarşısının alınmasında bir sıra digər dövlətlər iştirak edirdisə, bu gün artıq Azərbaycan da həmin sırada yer alan ən mühüm dövlətlərdən birinə çevrilir. Bunu Avropada və bütün dünyada dərk edirlər”.
Politoloq əlavə edib ki, belə meqa layihələrə operatorluq etmək çox mühüm məsələdir:
“Bunu dünya liderləri də dəfələrlə qeyd ediblər. Burada Türkiyənin rolu da müstəsna əhəmiyyət kəsb edir. Türkiyənin böyük əhəmiyyətli tərəfdaş kimi adının qeyd olunması vacib məsələdir. TANAP məhz Türkiyə ərazisindən keçir. Sonradan digər aktorlar da bu layihəyə tam şəkildə qoşulanda Avropanın qazla təmin edilməsində Azərbaycanın rolu çox mühüm və əhəmiyyətli olacaq. Bir sözlə, bu, çox mühüm, əhəmiyyətli layihədir və bu layihənin əhəmiyyəti bütün dünya liderləri tərəfindən etiraf olunmaqdadır”.
Müsahibimiz əlavə edib ki, bu kimi məqamlar eyni zamanda Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ probleminin həllində də mühüm rol oynayacaq:
“Məlumdur ki, iqtisadi blokada alınmış Ermənistan bütün layihələrdən kənarda qalır. Bunu Ermənistan vətəndaşı da, onların liderləri də hiss edir. Son vaxtlarda Ermənsitanda baş verən proseslər göstərdi ki, Azərbaycanın mühüm layihələrə operatorluq etməsi, onların vətəndaşlarına təsir edən önəmli amillərdəndir. Birmənalı şəkildə qeyd etmək olar ki, bu layihənin həm iqtisadi, həm siyasi, həm də necə deyərlər, hərbi-təhlükəsizlik baxımından əhəmiyyəti həm Azərbaycan, həm Türkiyə, həm də bütövlükdə regionun sabitliyi üçündür”.