14 İyun 2018 15:09
1 586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sovet dönəmində Ağsuda ilan yetişdirmək, yaxud ilan zəhəri əldə etmək üçün xüsusi zavod var idi. Həmin zavodda 17 kiloqrama qədər ilan zəhəri ehtiyatı toplanmışdı. O vaxt zavodda 500 milyon dollarlıq zəhər var idi ki, bunu satmaq mümkün olmamışdı.

Bunu Teleqraf.com-a açıqlamasında deputat Tahir Kərimli deyib.

Deputat zavodun müstəqillikdən sonra ləğv edildiyini bildirib:

“Zavod ləğv edildikdən sonra Kərimov adlı şəxs zavodu kəndlərdən birinin yaxınlığında bərba etdi, ilanları da bura köçürdü. Amma bu cəhdi uğurlu olmadı.

Hesab edirəm ki, ilan zəhərinin faydaları çoxdur. Bu zəhərdən min bir dərdə min bir dərman hazırlanır. Elə bir xəstəlik yoxdur ki, ilan zəhərindən onun üçün dərman hazırlanmasın. Onun bir qramı da dəyərlidir. Azərbaycanda ilan zəhərinin emalı üçün böyük potensial var. Ölkədə ilanların sayı kifayət qədər artıb. Bu ilanların zəhərini emal etməklə həm də insanları ilan sancması kimi ciddi təhlükələrdən qoruya, həm də onların xəstəliklərinə əlac tapa bilərik”.

Tahir Kərimlinin sözlərinə görə, Ağsu, Göyçay, İsmayıllı və Şamaxı istiqamətlərində ilanlar sürü halında miqrasiya etməyə başlayıblar:

“Kürdəmir – Şamaxı yolunun üstü ilanlarla dolu olur. Yəni, bu bölgələrdən ilanlar miqrasiya edib gedirlər, insanlar üçün narahatlıq yaradırlar. Hesab edirəm ki, həm bunun qarşısını almaq, həm də ilan zəhərini emal etmək üçün o zavodu bərpa etmək mümkündür.

Zavod üçün yüksək, bahalı texnologiya da tələb olunmur. Bununla yüz milyonlarla dollar gəlir əldə etmək mümkündür. Hesab edirəm ki, dövlət səviyyəsində bu məsələyə diqqət ediləcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər