Güney Azərbaycanın Qəzvin əyalətində rumın dilində danışan böyük bir kənd var.
Teleqraf.com Güney Azərbaycana bağlı saytlara istinadən xəbər verir ki, bu kənd Rumano və ya Zərgər adlanır.
Rumano kəndi Tehranla Qəzvin arasında yerləşir. Kəndin Tehranın qərb məntəqəsi ilə 100 kilometr arası var. Kənd əhalisi əslən rumıniyalıdır, onlar hazırda rumın dilini ərəb əlifbası ilə yazır.
Əslində kənd əhalisi rumın dili və Azərbaycan türkcəsində danışır. Onlar müsəlmandır, kənd təsərrüfatı və heyvandarlıqla məşğul olurlar.
200 ailənin yaşadığı Rumano kəndinin min nəfərdən çox əhalisi var. Kənd əhalisi dilləri unudulmasın və gələcək nəsillərə ötürülsün deyə uşaqları ilə rumın dilində danışırlar.
Əhməd Fərəci Şəhriyar şəhərinin ensiklopediyasında bir məqalədə bu mövzudan bəhs edib. O, bildirib ki, “Rumınlar Şərqi Roma və ya bugünki Türkiyədə də yaşayıblar. Onlar 600 il əvvəl yaylaq-qışlaq axtarışı səbəbindən Anadoludan Qəzvinə gəlib və Səfəvilər dövründə bu ərazidə məskunlaşıblar”.
Rumınlar də İrandakı digər qeyri-fars millətləri kimi ana dilində təhsil ala bilmir.