19 İyun 2018 14:08
2 449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda tikinti materialları bazarında baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 1100 m² olan ikimərtəbəli müxtəlif təyinatlı tikinti materialları mağazalarının dam örtüyünün yanar konstruksiyaları (içərisində olan tikinti materialları ilə birlikdə) və 720 m² sahədə açıq əraziyə yığılmış tikinti materialları yanıb.

Yaxınlıqdakı mağazalar yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

***

10:30

Yanğın baş verən əraziyə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev gəlib.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının I müavini Şahmar İbadov APA-ya bildirib ki, hadisə Taxta bazarının ərazisində qeydə alınıb və daha sonra yanğın qonşuluqdakı dükanlara keçib.

"Yanğın söndürülüb və yanğınsöndürənlərin səyi nəticəsində geniş miqyas almasının qarşısı alınıb", - deyə Şahmar İbadov vurğulayıb.

***

10:09

Yanğın baş verən əraziyə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev gəlib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 15 yanğınsöndürən maşını gəlib.

Etibar Mirzəyev bildirib ki, yanğın nəticəsində xəsarət alan yoxdur: "Yanğının baş vermə səbəbləri aradırılacaq. Araşdırmalardan sonra ətraflı məlumat veriləcək".

***

09:12

Bakıda səhər saatlarında güclü yanğın baş verib.

Teleqraf.com-un məlumatına görə, Nərimanov rayonu ərazisində tikinti materialları mağazası yanır. Hazırda Bakı səmasını qara tüstü bürüyüb.

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda tikinti materiallarının satışı mağazasının dam örtüyü yanır.

Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.


Müəllif: Teleqraf.com