21 İyun 2018 10:59
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Xalq Respublikasında səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 20-də Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri Li Canşu ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə əsasən Pekin-Bakı münasibətləri müzakirə edilib.

Çin-Azərbaycan əlaqələrinin tarixi köklərinin olduğunu bildirən Li Canşu qədim İpək Yolunun hər iki xalqı sıx tellərlə bir-birinə bağladığını deyib. O, ölkələrimiz arasında əlaqələrin hazırda yüksək səviyyədə olduğunu bildirib, bu münasibətlərin xalqlarımızın maraqlarına söykənərək qarşılıqlı faydalı şəkildə genişləndiyini diqqətə çatdırıb.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbriklərini çatdıran Li Canşu ölkəsinin Azərbaycanın inkişafına sevindiyini və bu inkişafı dəstəklədiyini bildirib.
Li Canşu ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu diqqətə çatdırıb.
Çinə rəsmi səfərə dəvətə görə təşəkkürünü bildirən Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanın Çin ilə münasibətlərin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyini bildirib.

Ölkələrimizin aparıcı siyasi qüvvələri olan Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında sıx əməkdaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edən Oqtay Əsədov bu əlaqələrin, öz növbəsində, bütün sahələrdə əməkdaşlığın genişlənməsinə mühüm töhfələr verdiyini vurğulayıb.

Oqtay Əsədov Çinin Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmətini yüksək qiymətləndirərək, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasında qəbul olunan qətnamələrə Çinin verdiyi dəstəyi xatırladıb. O, iki ölkə arasında əlaqələrin inkişafı üçün etibarlı hüquqi bazanın yaradıldığını qeyd edərək, qarşılıqlı ticarət dövriyyəsinin daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu deyib.
Azərbaycanın Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olduğunu xatırladan Oqtay Əsədov bunun ölkələri və xalqları bir-birinə yaxınlaşdıran, əməkdaşlığı təşviq etməklə dövlətlərin iqtisadi inkişafına təkan verən bir strategiya olduğunu deyib.

O, Azərbaycanın sahib olduğu tranzit-logistika imkanlarının “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşmasına əməli töhfələr verdiyini diqqətə çatdırıb.


Müəllif: Cavad

Oxşar xəbərlər