BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı fitosanitar yoxlama və diaqnostika xidmətlərinin gücləndirilməsində Azərbaycanı dəstəkləyir.
Teleqraf.com BMT-nin Bakı ofisinə istinadən xəbər verir ki, FAO bitki və bitkiçilik materiallarının ilkin təftişi və zərərvericilərin diaqnostikası üzrə üç günlük təlim təşkil edərək Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (DFNX), Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Gömrük Komitəsinin (DGK) 30 müfəttişini bir araya gətirib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkil etdiyi təlimin məqsədləri beynəlxalq standartlara cavab verən fitosanitar təftiş prosedurları üzrə milli potensialın gücləndirilməsi, Azərbaycanın karantin altında olan zərərverici siyahısı haqqında geniş məlumatların verilməsi və iştirakçılara spesifik zərərvericilərin və xəstəliklərin təsvir olunmasıdır.
FAO oxşar təlimləri 2016-cı ilin iyun və 2017-ci ilin aprel aylarında da keçirib.
Bu tədbirlər zərərvericilərin yayılması risklərinin azalmasına, ölkədə bitki sağlamlığının təmin edilməsinə və Azərbaycan bitkilərinin və bitkiçilik məhsullarının başqa ölkələrə daha geniş ixracının dəstəklənməsinə yardım göstərib.