21 İyun 2018 16:30
3 741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya çempionatından əvvəl azərbaycanlı oyunçuların İranın futbol yığmasından uzaqlaşdırılması fars şovinistlərinin növbəti kirli əməllərindən biridir.

Bunu Teleqraf.com-a açıqlamasında “Yedi Dövlət – Bir Millət” Konseyinin başqanı Azər Həsrət deyib.

O, İran hakimiyyətinin Azərbaycan türklərinə qarşı təzyiqləri davam etdirdiyini və bunun bu ölkənin milli komandasından da yan keçmədiyini diqqətə çatdırıb:

“İran fars şovinist dövlətidir. Yəni, İranda şovinizm dövlət siyasətidir. Bu ölkədə fars olmayanlara, xüsusilə də, türklərə qarşı dözümsüzlük var. Bu, bütün istiqamətlərdə özünü göstərir. Buna görə də İran hakimiyyəti çalışır ki, idman yarışlarında da ölkəni farslar təmsil etsinlər.

Məsələn, Təbrizin “Traktor Sazi” klubu kifayət qədər peşəkar klubdur və təcrübəli oyunçuları da var. Yəni, bu klubdan da İran millisinə oyunçular cəlb edə bilərdilər. Amma bunu etmədilər, bir azərbaycanlı, bir də türkməni komandaya cəlb etməklə kifayətləniblər. Əslində onları da komandaya gətirməzdilər, amma onlar İran yığmasının əsas vurucu qüvvələridir. Buna görə də məcbur olublar”.

Azər Həsrətin sözlərinə görə, azərbaycanlıların komandadan uzaqlaşdırılması İranın fars şovinizminin iyrənc təzahürlərindən biridir: “Bunlar elə bir təfəkkürün adamlarıdırlar ki, idman yarışlarında belə milli ayrı-seçkilik edirlər. Bu, İranın dünyada getdikcə daha da biabır olmasına şərait yaradır. Buna görə də İran məğlubiyyətlə barışmağa məcbur olur. Çünki İran orta əsr təfəkkürü ilə idarə olunan fanatik dövlətdir”.

Qeyd edək ki, Rusiyada keçirilən futbol üzrə dünya çempionatında iştirak edən İran milli komandasının heyətində 1 azərbaycanlı (Kərim Ənsarifərd), 1 türkmən (Sərdar Azmun) çıxış edir. Hazırda böyük əksəriyyəti fars oyunçulardan ibarət olan İran millisinin heyətində seçmə mərhələdə 8 azərbaycanlı oyunçu vardı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər