“Azərbaycan xalqını Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə ürəkdən təbrik edirəm. Silahlı Qüvvələrin bütün şəxsi heyətinə yeni uğurlar arzulayıram”.
Teleqraf.com-un məlumatına görə, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakının "Azadlıq" meydanında keçirilən hərbi paradda nitqinə bu sözlərlə başlayıb.
Dövlət başçısı deyib ki, keçən ay Xalq Cümhuriyyətinin 100 illiyi qəbul edilib: "Cümhuriyyətin ən önəmli qərarlarından biri ordunun yaradılması ilə bağlı idi. Təəssüflər olsun ki, 2 ildən sonra Cümhuriyyət öz müstəqilliyini itirdi. Bu, bir daha göstərir ki, müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir.
Müstəqilliyimiz 1991-ci ildə əldə edilib. Ancaq müstəqilliyin ilk 2 ili ağır keçib. 1991-1992-ci illərdə Azərbaycanda vəziyyət ağır idi.
Ermənistan işğalçılıq siyasəti apardı və torpaqlarımızın bir hissəsi işğal altına düşmüşdü, daxildə baş verən çəkişmələrlə əlaqədar müstəqilliyimizə təhlükə yaranmışdı.
Belə bir vaxtda Azərbaycan xalqı Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Bundan sonra vəziyyət sabitləşdi, Azərbaycan bu ağır vəziyyətdən çıxdı”.
Ali Baş Komandan qeyd edib ki, müstəqilliyimizin ilk illərində nizami ordu yaradılmayıb, ayrı-ayrı silahlı birləşmələr torpaqlarımızı qoruya bilməyib: “Ona görə də ümummilli liderin qərarı ilə nizami ordunun yaradılması mühüm addım idi. O dövrdə ölkəyə xarici sərmayə cəlb edildi, ölkədə aparılan iqtsadi və siyasi islahatlar vəziyyəti sabitləşdirdi. Azərbayan 1993-cü ildən sonra inkişaf və tərəqqi yolu ilə gedir”.