Təmir işləri ilə əlaqədar bəzi yollarda hərəkət qismən məhdudlaşdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Teleqraf.com-a bildirilib ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci kilomerliyində (Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi) asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində və təbii təsirlərdən aşınmaya məruz qalan üst qatının yenilənməsi işləri ilə əlaqədar sözügedən istiqamət üzrə hərəkət hissə-hissə qismən məhdudlaşdırılır.
Hərəkətin hissə-hissə qismən məhdudlaşdırılması iyun ayının 26-dan 27-nə keçən gecədən etibarən tətbiq edilib.
Aşınma qatının yenilənməsi işlərinin birinci mərhələsi avtomobil tunelinin çıxışından (Bakı Beynəlxalq Avtovağzalı kompleksinin qarşısından) dəmir yolu körpüsünədək (Delfin otelin qarşısınadək) olan hissəsini əhatə edir. Təmir işləri sözügedən hissədə birinci mərhələdə üzrə yalnız sol 3 hərəkət zolağında aparılır, yəni sağ 3 hərəkət zolağı üzrə hərəkət dayandırılmayıb.
Təmir işlərinə uyğun olaraq növbəti mərhələlər çərçivəsində baş tutacaq məhdudiyyətlər barədə öncədən ictimaiyyətə ətraflı məlumatlar veriləcək.