27 İyun 2018 10:59
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında təntənəli mərasim keçirilib.

Teleqraf.com xəbər verir ki, mərasim açıq elan edildikdən sonra ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin respublikamızdakı səfirləri, hərbi attaşeləri, beynəlxalq təşkilatların əməkdaşları, yubiley tədbiri ilə əlaqədar ölkəmizə gələn nümayəndə heyətlərinin rəhbərləri, müharibə veteranlarının iştirakı ilə keçirilən tədbirdə müdafiə naziri general-polkovnik Zakir Həsənov nitq söyləyib.

Qonaqları salamlayan müdafiə naziri bildirib:

“Bildiyiniz kimi, bu gün xalqımız Azərbaycan Ordusunun yaradılmasının 100-cü ildönümünü qeyd edir.

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qeyd edildiyi kimi, Azərbaycan Ordusu 1918-ci ildə yaradılmış Cümhuriyyət Ordusunun varisidir. 1918-ci il iyun ayının 26-da Müsəlman Korpusunun bazasında Əlahiddə Azərbaycan Korpusunun təşkilinə başlanmışdır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün - 26 iyun tarixi “Azərbaycan Ordusu” günü kimi elan edilmişdir.

O tarixdən bu günədək Azərbaycan Ordusu parlaq inkişaf yolu keçmişdir. 1918-ci ildə dost və qardaş Türkiyədən gələn hərbi qüvvələr və Əlahiddə Azərbaycan Korpusunun bölmələrindən ibarət olan Qafqaz İslam Ordusu Azərbaycan torpaqlarını, xüsusilə Bakını işğaldan azad etməsi şanlı tariximizə qızıl hərflərlə həkk olunmuşdur. O cümlədən, 1920-ci ildə Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünə qarşı yönəlmiş erməni təcavüzünün qarşısının alınmasında böyük nailiyyətlər əldə etmişdir.

1991-ci ildə, xalqımız ikinci dəfə müstəqillik əldə etdikdən sonra Azərbaycan Milli Ordusu yaradılmış və Ordu quruculuğu sahəsində mühüm addımlar atılmışdır.

Azərbaycanda müasir ordu quruculuğunun əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Qısa müddət ərzində Ordumuz qarşısına qoyulan hər bir vəzifəni yerinə yetirməyə qadir hərbi qüvvəyə çevrilmişdir. Bu gün Azərbaycan Ordusu, Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə dünya ordularının sırasında öz layiqli yerini tutmuşdur. Ali Baş Komandanın qeyd etdiyi kimi, ordu quruculuğu dövlətimiz üçün ən başlıca məsələdir.

Azərbaycan Ordusunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətlərindəndir.

Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış torpaqları Ermənistan Respublikası tərəfindən işğal edilmişdir. Dünya birliyi və bütün beynəlxalq təşkilatlar ölkəmizin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir, eləcə də Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Ancaq Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur və işğala davam edir.

Xalqımız, dövlətimiz və onun Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən Ordumuza və onun şəxsi heyətinə göstərilən diqqət və qayğı bir ali məqsədə xidmət edir: torpaqlarımızı erməni işğalçılarından azad edərək, Respublikamızın ərazi bütövlüyünü bərpa etmək, regionda sülh və əmin-amanlığın bərqərar olmasına ciddi töhfə vermək.

Nəzərinizə çatdırmaq istərdim ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi bir çox dövlətlə, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlığını ildən-ilə inkişaf etdirir.

Bu gün dövlətimizin qarşısında ciddi təhlükəsizlik məsələlərinin olmasına baxmayaraq, Azərbaycan Ordusu sülhməramlı əməliyyatlarda iştirak edərək beynəlxalq sülh və təhlükəsizliyə ciddi töhfə verməkdədir.

Çıxışımın sonunda, dəvətimizi qəbul edib, belə bir tarixi gündə sevincimizə şərik olduğunuz üçün Sizlərə dərin minnətdarlığımı bildirir, bütün dost və qardaş ölkələrə sülh və əmin-amanlıq arzulayıram.

Diqqətinizə görə təşəkkür edirəm!”

Sonra bayram münasibətilə Hərbi Paradda iştirak edən xarici dövlətlərin yüksək vəzifəli şəxslərinin “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmələri haqqında müdafiə nazirinin əmri oxunub.

Tədbir xalq mahnıları, Azərbaycan və xarici bəstəkarların əsərlərinin ifa olunduğu geniş bayram konserti ilə yekunlaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər