27 İyun 2018 13:28
1 510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Bitməyən müharibənin qəhrəmanları" silsiləsindən Aprel döyüşlərində Azərbaycan Ordusunun şəhid olan ilk zabiti, polkovnik-leytenant Raquf İbrahim oğlu Orucovun ömür yoluna həsr edilən "Ruhun həsrəti" filminin təqdimatı keçirilib.

Teleqraf.com xəbər verir ki, R.Orucov 1972-ci ilin 12 iyulunda Ağdam rayonunun Cinli kəndində anadan olub.1993-cü il 12 iyun tarixində doğma Cinli kəndi düşmən əlinə keçən zaman anası şəhid olan Raqif Orucov qisas almaq məqsədilə sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə verib.

Publika.az xəbər verir ki, tədbirdə "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, millət vəkili Aqil Abbas, akademik, millət vəkili Gövhər Baxşəliyeva, "Teleqraf" Media Qrupun rəhbəri Aynur Camalqızı, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Ağdam rayon icra başçısının müavini Arzu Rəhimova, Xalq artisti Mənsum İbrahimov və bir sıra tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Ə.Amaşov açıb.

O bildirib ki, bu günə qədər Azərbaycanın qəhrəman oğullarının xatirəsinə həsr edilən 10-a yaxın film çəkilib:

"Dünən Azərbaycan Ordusunun 100 illiyi təntənəli şəkildə qeyd olunub. Biz əminik ki, güclü ordumuz sayəsində torpaqlarımız yaxın zamanda azad olunacaq və bütün şəhidlərimizin intiqamı alınacaq. Fürsətdən istifadə edərək ölkənin müharibə dövrlərini çəkmiş ilk operatorumuz, dünən vəfat edən Seyidağa Mövsümova Allahdan rəhmət diləyirəm".

Daha sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib və qonalara "Ruhun həsrəti" filmi təqdim olunub.

Filmlə bağlı təəssüratlarını bölüşən G.Baxşəliyeva filmin R.Orucovun həyatını çox gözəl təsvir etdiyini deyib:

"Biz mərd olmalı və başımızı dik tutmalıyıq. Raquf kimi şəhid oğullarımızın səyi nəticəsində bu gün varıq. Ümid edirəm ki, məhz bu şəhidlərimiz qədər şücaətli əsgərlərimiz sayəsində Qarabağımızı da alacağıq. Raqufun xanımı, övladları daim bizim və dövlətimizin diqqətində olacaq. Şəhid övladlarına və ailələrinə borcumuzu heç olmasa bu yolla, daim qayğı və diqqətlə ödəməliyik. Ali Baş Komandanımız, cənab İlham Əliyevin ətrafında birləşərək, möhkəm olmalıyıq".

S.Vəliyeva filmi ərsəyə gətirənlərin bu addımının təqdirəlayiq olduğunu bildirib:

"Şəhidlərimizi unutmaq olmaz. Məktəblərdə viktorinalar təşkil edilməlidir. Hansı döyüşlərdə neçə şəhid vermişik, gənclərimiz bilməlidir. Şəhidlər ilahi tərəfindən mükafatlandıran insanlardır. Bu insanlar doğulan zaman qanlarında vətən sevgisi olur. Ona görə Vətən uğrunda mübarizəyə gedən qəhrəmanlarımızın geridə qoyduqları övladların, anaları, yaxınları onlar üçün Vətəndən bir pillə geridə qalır. Şəhidimizin ruhu şad olsun, hər zaman xatirəsini hörmətlə anacağıq".

A.Abbas şəhidlərdən halallıq istənilməli olduğumuzu bildirib:

"Mən demək olar ki, ağdamlı olan bütün hərbçilərimizi tanıyırdım. Təəssüf ki, Raqufu tanıya bilmədim. İki oğlum var. Bir dəfə oğlum ağlayaraq gəldi ki, bəs Raquf Orucov həlak olub. Ondan sonra araşdırdım və gördüm ki, necə mərd oğul olub. O, hər zaman əsgərlərdən öndə gedib. Şəhidlərimiz canını torpağa qurban edib ki, övladları şəhid olmasın. Müharibənin olmadığı ölkədə yaşasınlar. Televiziyalarımız bu cür filmləri daha çox işıqlandırmalı, təbliğ etməlidir. Çünki bu cür qəhrəmanlıq, vətənpərvərlik haqqında çəkilən filmlər daha çox izlənir. Bu, hadisələrin təfərrüatını daha böyük kütləyə çatdırmaq üçün gözəl vasitədir. Vətən oğlu, ruhun şad olsun".

Ağdam rayonunun icra başçısnın müavini A.Rəhimova R.Orucovun şəhid olmasına ana kimi üzüldüyünü bildirib:

"Mən Raqufun ölüm xəbərinə oğul itirmiş ana kimi yandım. Ona görə yox ki, o, şəhid oldu. Ona görə ki, o, çox tez dünyadan getdi. Biz onunla fəxr edirik. Onun əmanətlərinə sahib çıxmaqla, ona olan borcumuzu az da olsa, qaytarmağa çalışaq".

A.Camalqızı isə bildirdi ki, şəhidlərin tanıdılması və bu istiqamətdə təbliğat işinin aparılması üçün əlimizdən gələni etməliyik:

"Şəhidlərimizi gənclərə tanıtdırmalıyıq. Şəhidimizin xanımı Sevinc Orucovanın və övladlarının nələr çəkdiyini biz o dərəcədə bilə bilmərik. Amma siz çox güclü qadınsınız. Şəhidlik böyük mərtəbədir və bu hər kəsə nəsib olmur. Sizin həyat yoldaşınız çox böyük mərtəbəyə çatıb və siz onun yolunu layiqli şəkildə davam etdirirsiniz. Biz şəhidlərimizi göz yaşı ilə deyil, xoş xatirələrlə yaşatmalıyıq. Raquf Orucovun timsalında bütün şəhidlərimizə rəhmət diləyirəm və bu filmin ərsəyə gəlməsində əməyi olan kəslərə təşəkkürümü bildirirəm".

R.Orucovun qardaşı Zabil Orucov onun xatirəsinə hörmət və ehtiramla yanaşan hər kəsə sonsuz minnətdar olduğunu söylədi:

"Raquf yanımızda olmasa da, siz onu varmış kimi yaşadırsız. Dünən Ordumuzun 100 illiyinə həsr edilən parad keçirildi. Bu Ordunun torpaq altda yatan oğullarının qanı göylərə ucaldılan bayraqlarımızın üzərindədir. Arzu edirəm ki, torpaqlarımız tez bir zamanda azad olunsun və biz vətən həsrəti ilə itirdiyimiz əzizlərimizin ruhunu doğma torpaqlarda yad edək".

Son olaraq R.Orucovun həyat yoldaşı Sevinc Orucova çıxış edərək, Vətənin qəhrəman oğluna sahib çıxan hər kəsə təşəkkür etdi:

"Məni mən edən Raquf olub. Mən bu gün varamsa, onun sayəsində varam. Təkcə Raquf Orucov yox, digər şəhidlərimiz də Vətən uğrunda canlarını qurban veriblər. Raquf Murov düzündə xidmət edəndə mən heç bir çətinlik yaşamadım. Dünən ordumuzun 100 illiyində isə Raqufu görmədim deyə, əzab çəkdim. Onunla çəkdiyim bütün çətinliklər mənə asan gəlirdi. Amma onsuzluq mənim üçün çox ağırdı. Hər kəsdən xahiş edirəm ki, vətənpərvərlik ruhunu itirməyək. Torpaqlarımıza, dəyərlərimizə sahib çıxaq".

Xatırladaq ki, Raquf Orucov 2016-cı il, aprelin 5-də Sumqayıt şəhərində, Şəhidlər Xiyabanında dəfn olunub. Şəhidin solunda 2014-cü il döyüşlərində şəhid olan əsgər Hüseyn Abdulov, sağ tərəfində isə Aprel şəhidi Murad Məmmədov dəfn edilib.

Layihə rəhbərləri millət vəkili Əflatun Amaşov və Bəxtiyar Qaraca olan film "Veysəloğlu" Şirkətlər Qrupunun dəstəyi ilə hazırlanıb. Filmin ssenarisi və səsləndirmə şəhidin həyat yoldaşı S.Orucovaya məxsusdur. Çəkilişləri Bakıda və Ağdamda lentə alınan filmin rejissorları Kəmalə Mirzəyeva və Miranə İsmayıldır.


Müəllif: Könül

Oxşar xəbərlər