1 İyul 2018 14:31
1 474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda səfərdə olan Rusiyanın deputatlarından və tanınmış ekspertlərindən ibarət nümayəndə heyətinin də iştirakı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində "Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir" adlı konfrans keçirilir.

Konfransın təşkilatçıları Beynəlxalq Avrasiya Hərəkatı, Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması və Rusiyadakı Azərbaycan İcması və Ekspertlər Klubudur.

Tədbirdə Rusiya tərəfdən Rusiya Dövlət Dumasının Korrupsiya ilə mübarizə üzrə komitəsinin sədr müavini Dmitriy Savelyev, Dövlət Dumasının deputatı Aleksey Yezubov, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksadr Duqin, məşhur jurnalist, ictimai xadim Maksim Şevçenko, Ekspertlər Klubunun üzvü Valeriy Korovin, Milli müdafiə jurnalının redaktoru, hərbi ekspert İqor Korotçenko, Beynəlxalq Avrasiya Hərəkatının Yaxın Şərq departamentinin direktoru Andrey Xarçenko, İrs İnstitutunun direktoru Yevgeniy Baxrevskiy, ekspert Dmitriy Kruqlıy, Moskva Beynəlxalq Universitetinin kafedra müdiri Sergey Komarov, ekspert Darya Durqin, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini Sergey Loqinov, Azərbaycan tərəfdən Azərbaycan-Rusiya parlamentlərarası İşçi qrupunun rəhbəri, deputat Əli Hüseynli, Azərbaycandakı Rusiya icmasının rəhbəri, deputat Mixail Zabelin, deputat Elman Məmmədov, deputat Fazil Mustafa iştirak edirlər.

Konfransda çıxış edən Ə. Hüseynli konfransın keçirildiyi Cocuq Mərcanlı kəndinin iki il əvvəl Azərbaycan ordusunun uğurlu əməliyyatı ilə Ermənistanın işğalından azad olunmasını xatırladıb, işğaldan sonra dövlət başçısının xüsusi diqqəti ilə burada aparılan köklü yenidənqurma işlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb. İlk dəfə Moskvada keçirilən konfransın növbəti dəfə Azərbaycanda, məhz bu kənddə keçirildiyini qeyd edən Ə. Hüseynli bildirib ki, Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlıq, ölkələr arası qardaşlıq xətti üzrə inkişaf edir və bu tədbirlər də onun nümunəsidir.

Daha sonra çıxış edən A.Duqin konfransın əhəmiyyətindən, regionda gedən proseslərə ciddi təsirindən danışıb.

O, deyib ki, hazırda Qarabağda olmaqları təsadüfi deyil: "Rusiya Federasiyası Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir, bu, dünya birliyinin də mövqeyidir".

A. Duqinin sözlərinə görə, Qarabağdan azərbaycanlılar qovulduqdan sonra "DQR" heç vaxt legitim hesab oluna bilməz: "Əvvəl Azərbaycan, Ermənistan və Rusiya belə qərara gəlmişdi ki, ilkin olaraq 5 rayon qeyd-şərtsiz Azərbaycana qaytarılsın. Bu sülhə yol açardı və bu məsələdə ən yaxşı variantdır. Ermənistanın indiki hökuməti buna real yanaşaraq, razılaşmaya sadiq olmalıdır. Bu, sülhün yeganə roludur".

Konfrans davam edir.

***

14:23

"Azərbaycan və Rusiya arasında yaxınlaşma vektoru ilə növbədə Azərbaycan və Rusiya prezidentləri arasındakı münasibətlərə, strateji tərəfdaşlıq kursuna əsaslanır".

Bunu bu gün Cocuq Mərcanlı kəndində rusiyalı və azərbaycanlı ekspert və deputatların iştirakı ilə "Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir" mövzusunda keçirilən konfransın iştirakçısı, Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri Aleksadr Duqin jurnalistlərə açıqlamasında deyib.

A. Duqin iki ölkənin ekspertləri, deputatları, mədəniyyət xadimləri arasında görüşlərin əhəmiyyətli olduğunu qeyd edib : "Bakı və Moskva arasında geopolitik ox" mövzusunda ilk tədbir bir il əvvəl Moskvada "Prezident" otelində keçirilib. İkinci belə tədbirin Azərbaycanda keçirilməsinə qərar verilib. Ekspertlər Klubunun rəhbəri A. Praxanov bu tədbirin Azərbaycanın Qarabağ ərazisində keçirilməsini təklif etdi. Bu, simvolik bir yerdir, biz tədbiri Qarabağda keçiririk. Bu, bir daha Azərbaycanın Rusiyanın strateji tərəfdaşı olduğunu təsdiqləyir. Qarabağ hüquqi baxımdan Azərbaycan ərazisidir. Həm Rusiyanın nöqteyi-nəzərindən, həm də beynəlxalq hüquqa görə Qarabağ Azərbaycan ərazisidir. Mən hüquqi baxımdan Azərbaycana məxsus Qarabağda ilk dəfə səfərdədir. Bu, rusiyalı ziyalıların da Qarabağ probleminə yanaşması ilə bağlı bir işarədir. Bu, Ermənistana qarşı yönəlməyib. Rusiyanın Ermənistanla dostluğu da Azərbaycana qarşı yönəlməyib. Onu da qeyd edim ki, Azərbaycan Rusiyanın Türkiyə və İranla münasibətlərində açar rol oynayır. Rusiya hazırda Türkiyə və İranla strateji əməkdaşlıq edirik. Biz birlikdə Suriyada birgə strateji əməkdaşlıq həyata keçiririk. Bakı bu strateji əməkdaşlıqda hansı yeri tutur? Biz bunu da müzakirə edirik.

***

12:31

Rusiyanın deputatlarından və tanınmış ekspertlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Teleqraf.com xəbər verir ki, bu gün Rusiya nümayəndə heyəti Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər edir.

Səfərdə məqsəd rusiyalı və azərbaycanlı ekspert və deputatların iştirakı ilə Bakı və "Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir" mövzusunda konfransın keçirilməsidir.

Konfransın təşkilatçıları Beynəlxalq Avrasiya Hərəkatı, Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması və Rusiyadakı Azərbaycan İcması və Ekspertlər Klubudur. Tədbirdə Rusiya tərəfdən Rusiya Dövlət Dumasının Korrupsiya ilə mübarizə üzrə komitəsinin sədr müavini Dmitriy Savelyev, Dövlət Dumasının deputatı Aleksey Yezubov, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksadr Duqin, məşhur jurnalist, ictimai xadim Maksim Şevçenko, Ekspertlər Klubunun üzvü Valeriy Korovin, Milli müdafiə jurnalının redaktoru, hərbi ekspert İqor Korotçenko, Beynəlxalq Avrasiya Hərəkatının Yaxın Şərq departamentinin direktoru Andrey Xarçenko, İrs İnstitutunun direktoru Yevgeniy Baxrevskiy, ekspert Dmitriy Kruqlıy, Moskva Beynəlxalq Universitetinin kafedra müdiri Sergey Komarov, ekspert Darya Durqin, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini Sergey Loqinov, , Azərbaycan tərəfdən Azərbaycan-Rusiya parlamentlərarası İşçi qrupunun rəhbəri, deputat Əli Hüseynli, Azərbaycandakı Rusiya icmasının rəhbəri, deputat Mixail Zabelin, deputat Elman Məmmədov, deputat Fazil Mustafa iştirak edəcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər