Rusiyalı ictimai-siyasi xadimlərin ön cəbhəyə səfərlərini Rusiya – Azərbaycan münasibətlərinə təsir edəcəyindən danışmaq olmaz. Çünki onlar Dumanın komitə sədrinin müavini, deputatlar, tədqiqatçı səviyyəsində olan insanlardır. Bütün hallarda isə bu adamların Azərbaycana gəlməsi və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqelərini müdafiə etməsi müsbət hadisədir.
Teleqraf.com-a açıqlamasında politoloq Elçin Mirzəbəyli belə deyib.
Politoloq qeyd edib ki, dövlətlərarası münasibətlər siyasi liderlərin iradəsilə müəyyənləşir: “Əlbəttə, bu səfərlər çərçivəsində müzakirə olunan məsələlər və səsləndirilən fikirlər diqqət cəlb edir. Bunların Rusiyanın ictimai rəyinə təsir göstərməsi baxımından əhəmiyyəti var. Lakin bunu daha qlobal kontekstdə şərh etmək doğru deyil”.
Elçin Mirzəbəyli rusiyalı ictimai-siyasi xadimlərin Azərbaycana yönəlik dostluq mesajlarına da toxunub:
“Bu mesajların hansı kontekstdən səsləndirildiyini bilmirəm. Hər halda Rusiya yaxın qonşumuzdur və bu ölkə ilə münasibətlərimizin yaxşı olmasını istəyirik. Münasibətlərin yaxşı olması təkcə Azərbaycandan asılı deyil. Azərbaycan bu günədək üzərinə düşən bütün öhdəliklərin hamısını artığı ilə yerinə yetirib.
Ümumiyyətlə, işğalçı Ermənistan istisna olmaqla Azərbaycan bütün qonşuları ilə münasibətlərdə kifayət qədər loyal və səbrli davranır, həmişə onların maraqlarını nəzərə almağa çalışır. Amma Rusiya işğal edilmiş Azərbaycan ərazilərinin geri qaytarılması məsələsində Minsk qrupunun həmsədri kimi üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Bunun müqabilində isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT qətnamələrinin az qala atəşkəs anlaşması ilə əlaqədar olduğunu deyir.
Əlbəttə, həmin qətnamələrdə Azərbaycan ərazilərinin işğal edilməsinin vurğulanması müqabilində Rusiya xarici işlər nazirinin bu iddiası birmənalı qarşılanmır.
Yəni, bu dostluq mesajları komitə sədrinin müavini səviyyəsində səsləndirilsə də, bunu Rusiya xarici siyasətini təmsil edən şəxsin dilindən eşitməmişik. Onun davranışları da dostca deyil”.
Qeyd edək ki, Rusiya Dövlət Dumasının Korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Dmitriy Savelyev, Dövlət Dumasının deputatı Aleksey Yezubov, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksadr Duqin, ictimai xadim Maksim Şevçenko və federasiyadan gəlmiş digər ictimai-siyasi xadimlər cəbhə bölgəsinə səfər ediblər.
Rusiyalı qonaqlar Azərbaycan ordusunun işğaldan azad etdiyi Cocuq Mərcanlı kəndi və Lələtəpə yüksəkliyində olublar.